Fermer siğortadan qaçır

Fermer siğortadan qaçır

"Exo" qəzetində "Azərbaycan fermerləri öz təsərrüfatlarını sığortalamaq istəmir" sərlövhəli məqalə dərc edilib.
 
Yazıda bildirilir ki, Azərbaycanda aqrar risklərdən sığorta sistemi inkişaf etməyib. Bu sahədə istehsalçı-fermer vacib riskləri aradan qaldıran sığorta polisinin olmasını istəyir, amma ona lazımi dərəcədə ödəniş etmək fikrində deyil.
 
Müəllif hesab edir ki, sığorta şirkətləri də fermerlərlə işləməyə həvəsli görünmür, çünki şirkət ziyana düşür:
"Azərbaycan fermerləri öz təsərrüfatlarını sığortalamaq istəmirlər, bu onlara mənasız maliyyə məsrəfləri kimi görünür. Azərbaycanda kənd təsərrüfatı istehsalçılarını hava risklərindən qoruyacaq sığorta sisteminin yaradılması çoxdan gündəmdədir. Çünki kənd təsərrüfatı riskli işdir".
 
Ekspert Adil Aslanov isə qəzetə deyib ki, fermerlər əkin sahələrini sığorta etməmələrinin səbəbini sığorta xərclərinin bahalığı ilə əsaslandırırlar:
"2016-cı ildə bu məsələ ilə bağlı demək olar ki, bütün ölkəni gəzdim, bir çox fermerlərlə danışdım. Onlar xərci yüksək sayır".
 
A.Aslanov vurğulayıb ki, digər tərəfdən, özəl sığorta şirkətləri də fermerlərin təklif etdikləri şərtlərlə işləməkdə maraqlı deyil:
"Məsələn, 10 min heyvanın sığortası 2 min manata başa gəlir. Hər heyvana görə sığorta qurumu 10 manat qiymət qoyur. Amma fermerlər hesab edirlər ki, bu, çox bahadır. Bunun da nəticəsi olaraq, şirkətlər aqrar sığorta sahəsində fəaliyyətə maraq göstərmirlər. Dövlət sığorta şirkətləri bu prosesdə iştirak edirlər".
 
A.Aslanov deyib ki, maddi ziyanın ödənilməsi mexanizmində də problemlər var. /

Google+ WhatsApp ok.ru