Fevralda Azərbaycanın sürüşmə sahələrində aktivlik müşahidə olunub

“Fevral ayında Bayıl sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. İstinad divarlarında və quraşdırılmış mayaklarda 0,2-0,5 sm genişlənmə müşahidə olunur”.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ötən ay Əhmədli-Günəşli arası sürüşmə sahəsində aparılan monitorinq zamanı atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsi üzərində və istinad divarlarında olan çatların 0,3-0,4 sm genişlənməsi qeydə alınıb: “Zığ-1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında və 43 saylı binanın fasadında quraşdırılmış mayaklarda eni 0,8-0,9 sm olan çatlar əmələ gəlib. Ayrı-ayrı sahələrdə lokal çökmə prosesinin dinamikasında aktivləşmələr müşahidə olunub. Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın bəzi yerlərində atmosfer çöküntülərinin təsirindən çökmə prosesi baş verib. Quraşdırılmış mayaklarda 0,1-0,2 sm ölçüdə çatlar əmələ gəlib. Masazır sürüşmə sahəsinin kütləsinin üzərindəki mövcud çatlarda atmosfer çöküntülərinin təsirindən 2-3 sm ölçüdə genişlənmələr müşahidə olunub, prosesin dinamikasında nisbi aktivləşmə qeydə alınıb. Nərimanov dairəsi 31-33, Nərimanov döngəsi, Badamdar, Əhmədli-1, Əhmədli-2 sürüşmə sahələrində ötən ay aktivlik müşahidə edilməyib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən prosesin dinamikası üzərində monitorinq işləri müvəqqəti olaraq dayandırılıb”.
 
Ekspedisiya rəisi əlavə edib ki, fevral ayında Astara rayonunun Kijəbə sürüşmə sahəsində aktivləşmələr müşahidə olunub: “Nəticədə kütlə dil hissədə olan fərdi yaşayış evlərinə doğru 15-25 sm hərəkət edib. Bundan başqa, Astara rayonunun Burcubənd, Motlayataq və Miki sürüşmə sahələrində aktivlik qeydə alınıb. Lerik-Veri-Əliabad sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda aktivlik qeydə alınıb. Eyni zamanda, Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci kilometrliklərində aparılan bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının təsirindən sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Sürüşmə kütləsi axaraq, yolun hərəkət hissəsinə tökülüb. Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində uçqun prosesi daha geniş ərazini əhatə edib. Horavenç və Gəgiran sürüşmə sahələrində mövcud çatlarda genişlənmə qeydə alınıb. Masalıdakı Zuvand sürüşmə sahəsində aramsız yağışların təsirindən ay ərzində aktivlik müşahidə olunub. Cəlilabad rayonundakı Sadatlı sürüşmə sahəsində aktivlik qeydə alınıb”.
 
Ə. Qaralovun sözlərinə görə, Gədəbəy rayonundakı Şahdağ, Pirdağ və Arıqıran sürüşmə sahələrində aktivlik qeydə alınıb: “Quba-Xınalıq avtomobil yolunun 37-46-cı, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı, Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyindəki sürüşmə sahələrində də aktivlik müşahidə olunub”.
 
Ekspedisiya rəisi əlavə edib ki, fevral ayında Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi qeydə alınıb: “Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyindəki sürüşmə sahəsində proses aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Aşırımın başlanğıcında Şərədil kəndinə giriş yolda, tökmə torpaqda eni 50-60 m, uzunluğu 10-15 m olan oturma prosesi baş verib. Nəticədə yolun hərəkət hissəsi yararsız hala düşüb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib. Yolun 23-24 kilometrliyində quraşdırılmış topoqrafik reperlərdə 0,2-0,9 sm hərəkət müşahidə olunub. İsmayıllı rayonundakı Xankəndi sürüşmə sahəsində fevral ayı ərzində aktivləşmə müşahidə olunub”.(apa)

Google+ WhatsApp ok.ru