Fikrət Yusifov əmanətlərdən tutulan verginin təsirindən danışdı

Keçən ilin sonlarından əhalinin banklarda yerləşdirdikləri əmanətlərdən əldə edilən gəlirdən vergi tutulması məsələsi gündəmə gələndən bu günə qədər mətbuatda bu məsələ ətrafında ciddi müzakirələr gedir.
 
Maide.az xəbər verir ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov məsələ ilə bağlı açıqlama verib. 
 
F.Yusifov qeyd edib ki, bu vergi əvvəldən də mövcud olub: “Sadəcə 2009-cu ildən başlayaraq onun tutulması müvəqqəti dayandırılmışdı. Dünya praktikasında buna bənzər addımların atılması normal hal kimi qəbul edilir. Hökumətlər və Mərkəzi Banklar bu qəbildən olan məsələləri lazım olan səviyyədə tənzimləmək məqsədilə müəyyən dövr üçün hər hansı vergi güzəştinin tətbiqini məqsədəuyğun hesab edə bilərlər. Bu bizdə də belə olmuşdu. Əhalinin əmanətlərini daha geniş şəkildə cəlb etmək məqsədilə müəyyən dövrə bəlli vergi güzəştinin verilməsi məqsədəuyğun hesab edilmişdi. Dediklərimizi rəqəmlərin dili ilə açıqlasaq, hər şey aydın olar. Vergi güzəştləri tətbiq edilməyə başlayan 2009-cu ildən 2015-ci ilə qədər 6 il ərzində əhalinin pul gəlirləri 1,7 dəfə, onların banklardakı əmanətlərinin həcmi isə 3,1 dəfəyə qədər artıb. İlk baxışdan belə təsəvvür yaranır ki, banklarda əhalinin əmanətlərinin miqdarı müəyyən həddə çatan kimi hökumət vergi güzəştlərini ləğv etmək qərarı verdi. Elə bu səbəbdən də məsələ ortaya çıxdığı ilk günlərdə müəyyən anlaşılmazlıqlar baş verdi. Bu da öz növbəsində əhalinin müəyyən təbəqəsinin narahatlığına səbəb oldu. Ancaq  məsələyə dərindən yanaşanda, bir sıra başqa mətləblər ortaya çıxır. Daha doğrusu, məsələnin daha dərin kökləri var.  Hesab edirəm ki, hökumətin  atdığı bu addımın əhalinin az təminatlı və orta təminatlı təbəqələrinə elə bir ciddi təsiri olmayacaq. Təsəvvür edin, son 9 ildə əhalinin banklarda yerləşdirdiyi depozitlərin həcmi 14,5 dəfə artaraq 7,2 milyard manata çatmışdı. Burada daha çox vəsait yerləşdirənlər  az və orta təminatlı insanlar deyildi. Bir müqayisə aparaq. İstehsalatda orta rentabellik səviyyəsi bir qayda olaraq 12-15%-dən yuxarı olmur. Təsəvvür edirsinizmi hər hansı bir istehsal sahəsinin qurulması nə qədər zəhmət, nə qədər vaxt və eyni zamanda nə qədər risklər tələb edir? Təbii ki, belə olan halda iri məbləğdə vəsaitləri olanlar bu pulları heç bir "baş ağrısı" olmadan banklarda depozitlərə yerləşdirib, yaradılması və idarə edilməsi problemlərlə dolu olan bir istehsal müəssisəsinin gətirə biləcəyi qədər qazanc əldə edirdilər”.
 
Orta təminatlı bir vətəndaşın hansısa bankda 10 min manat depozit yerləşdirməsinin müzakirə mövzusu olmadığını deyən F.Yusifov qeyd edib ki, orta təminatlı vətəndaş  yeni bərpa olunan vergini ödəməmək imkanlarını özündə saxlayır: “Bunun üçün o sadəcə bizim misalda göstərdiyimiz bir banka yerləşdirdiyi 10 min manat vəsaiti, gəlirinin vergiyə cəlb olunmaması üçün iki hissəyə bölərək iki müxtəlif bankda yerləşdirəcək və bununla da alacağı gəlirin vergiyə cəlb olunmamasına nail olacaqdır. Burada daha çətin məsələ bir banka yüz minlərlə manat və bəzən bundan da daha çox vəsait yerləşdirən vətəndaşların qarşısına çıxacaq. Onlar praktik olaraq vergi ödənişindən yaxasını kənara çəkə bilməyəcəklər və zəhmət çəkib əldə etdikləri qazancın 500 manatdan artıq olan hissəsi üçün 10% vergi ödəyəcəklər. Hesab edirik ki, məsələnin belə qoyuluşu eyni zamanda bu sahədə sosial ədalətin təmin edilməsi demək olacaq”.  
 
BİAB sədrinin sözlərinə görə, vergi güzəştləri ləğv edildikdən sonra banklarda iri məbləğlərdə əmanət yerləşdirən vətəndaşlarımızın itkilərini o qədər də böyük hesab etmək olmaz: “İllik 10%-lə banka 200 min manat əmanət yerləşdirən bir vətəndaş 20 min qazanc əldə edib, onun 2 min manatını vergi şəkilində büdcəyə ödəyəcək. Bu çox normal bir haldır. Xüsusilə o halda ki, banka əmanət yerləşdirməklə bu səviyyədə qazanc əldə etmək iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə mümkün deyil. Həmin ölkələrdəki banklarda əmanətlərə görə ödənilən faizlər çox aşağı səviyyədədir. Elə bu səbəbdəndir ki, cari ilin yanvar ayının 10-da  Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində Prezident İlham Əliyev belə demişdi: “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, həm də o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri əmanət kimi saxlayırlar”. Hesab edirik ki bu həqiqətə söykənən vətəndaşlar öz vəsaitlərini banklarda saxlamağa üstünlük verəcəklər”.

Google+ WhatsApp ok.ru