Filippində müsəlmanlar üçün referendum keçirilir

Filippində müsəlmanlar üçün referendum keçirilir

Bu gün Filippinin cənubunda moro xalqından olan müsəlmanlara geniş muxtariyyətin verilməsinə dair referendum keçirilir.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, Mindanao adasında 3 milyona qədər şəxsin səsvermə hüquq var. Moro xalqı Filippində referendumun nəticələrini tanıyacağını bildirib.
 
Qeyd edək ki, referendum Filippin hökuməti və müsəlmanların ən güclü təşkilatı olan Moroların Azad Olunması üzrə İslam Cəbhəsi (MAOİC) arasında bağlanan sazişin bir hissəsidir və ölkənin cənubuna uzunmüddətli sülh gətirməlidir.
 
Razılaşma MAOİC-in Mindanao adasının Filippindən ayrılması cəhdlərindən imtina etməsini və hazırda orada mövcud olan Mindanao müsəlman muxtar rayonunun yerinə Banqsamoro (Moro xalqı) yeni administrativ biliyin yaradılmasını nəzərdə tutur.
 
Qeyd edək ki, Banqsamoro Muxtar Rayonu haqqında qərara dair danışıqlar 1997-ci ildən başlayıb və Filippin prezidenti Rodriqo Dutertenin hakimiyyətə gəlişi ilə aktivləşib. Məsələyə dair çərçivə sazişi 2016-cı ildə əldə olunub, sənəd 2017-ci ildə imzalanıb.
 
Sazişə əsasən, Banqsamoroda hökumət qurulacaq, həmçinin şəriət məhkəmələri təşkil olunacaq. MAOİC-in bölmələri Filippin hüquq-mühafizə orqanlarının sıralarına qoşula biləcək.

Google+ WhatsApp ok.ru