Fransada Əliyevlərlə bağlı məhkəmə başlayır

Azərbaycan hökuməti fransalı jurnalistlərə qarşı iddia qaldırdı; «Bu çəkişmə onun üçün çox çətin olacaq. Beynəlxalq təşkilatlar prosesin başlanmasını gözləyir»
 
Azərbaycan hakimiyyəti Fransanın «France 2» televiziya kanalına və onun əməkdaşları olan jurnalsitlər Elizabet Lucet`lə Loran Riçard`a qarşı məhkəmə iddiası qaldırıb. İddia artıq Nanter məhkəməsinə təqdim olunub. Məlumatı Fransanın «Le Figaro» qəzeti yayıb.
 
Məlumatda xatırladılır ki, Azərbaycan hökuməti məhkəmədə maraqlarını müdafiə etmək üçün vəkil Olivye Pardo ilə müqavilə bağlayıb. Vəkil bildirib ki, onlar məhkəmədən telekanalın cəzalandırılmasını istəyirlər.
 
 
Məhkəmə iddiasına səbəb olan telekanalın «Gash Investigation» proqramının sentyabrın əvvəllərində yayımlanan verilişində İlham Əliyevin despot, diktator, Azərbaycanın isə diktatura adlandırılmasıdır. Vəkil Pardo bildirib ki, jurnalistlər proqramı hazırlayarkən jurnalist tərəfsizliyinə əməl etməyiblər və Azərbaycan rəhbərliyinə münasibətdə qərəzli davranıblar.
 
Ancaq maraqlıdır ki, proqramın müəllifləri olan jurnalistlər Elizabet Lucet və Loran Riçard məhkəmədə qələbə qazanacaqlarına əmindirlər. Onlar əmindirlər ki, qeyri hökumət təşkilatlarının dəstəyi ilə Azərbaycan hakimiyyətinin iddialarını rədd edə biləcəklər.
 
«Le Figaro» onu da yada salır ki, kanalın əməkdaşı Elizabet Lucet Azərbaycanın Parisdə açdığı bir sərgi zamanı dövlət başçısının xanımı Mehriban Əliyevaya «tolerantlıq diyarı» kimi təqdim edilən ölkədə siyasi dustaqların olması haqda suallar ünvanlayıb, lakin mühafizə xidməti onu Mehriban Əliyevadan uzaqlaşdırıb və suala cavab almağa imkan verməyib. Verilişin Azərbaycanda çəkilişləri zamanı jurnalistlərin insan haqları fəallarından və rejimin opponentlərindən götürdüyü müsahibələrin audio-videoyazıları müsadirə edilib. «Biz Azərbaycanda öz işimizi görürdük və buna görə də Azərbaycan hökumətinin bu məhkəmə çəkişməsi onun üçün çox çətin olacaq. Biz bu proses haqqında bir çox beynəlxalq hüquq müdafiə təşkilatlarına, o cümlədən Sərhədsiz Reportyorlara, Amnesty İnternationala yazmışıq və onlar bu məhkəmə prosesində irəli durub jurnalistlərin hüquqlarını müdafiə edəcəklər. Onlar bu prosesin başlanmasını gözləyirlər», – deyə jurnalist Loran Riçard məhkəmə perspektivinə münasibətdə fikrini ifadə edib.
 
«Le Figaro» xatırladır ki, Fransada buna bənzər məhkəmə iddiası əvvəllər də qaldırılıb. 2011-ci ildə Özbəkistan prezidentinin qızı Lola Kərimova onu «diktatorun qızı» kimi təqdim edən və çirkli pulların yuyulmasında adının hallandığını qeyd edən Rue 89 saytına qarşı belə bir məhkəmə iddiası qaldırıb. O zaman Paris Ali Məhkəməsinin 17-ci palatası «böhtana görə» iddiasını rədd edib. azadliq.info/
 

Google+ WhatsApp ok.ru