Fransada ‘pensiya tətilləri’ başlanır

Fransada ‘pensiya tətilləri’ başlanır

Fransada Prezident Emmanuel Macron-un planlaşdırdığı pensiya islahatlarına kütləvi, ümummilli tətil və etirazlar başlanır.
 
Dekabrın 5-də ən böyük zərbənin nəqliyyatın işinə dəyəcəyi gözlənir. Uçuşlar, qatar və avtobusların qrafikləri dayandırılıb, Paris metrosunun böyük hissəsi işləməyəcək.
 
Məktəb və xəstəxana işçilərinin də etirazlara qoşulacağı gözlənir.
 
Macron “universal” pensiya sistemi həyata keçirməyi planlaşdırır. Plana görə, daha yüksək pensiya verən, daha tez pensiyaya çıxılan sektorların bu xüsusi imtiyazları ləğv olunacaq.
 
Həmkarlar İttifaqları gileylənirlər ki, həmin islahat milyonlarla adamın qanuni pensiya yaşı olan 62 yaşdan artıq işləməyə məcbur edəcək, yoxsa pensiyaları azalacaq.
 
Hökumət ölkə boyunca 250 nümayişin olacağını gözləyir, onların bəzilərində zorakılığın baş verəcəyi istisna deyil.
 
Təkcə Parisə 6 minədək təhlükəsizlik qüvvəsi yerləşdiriləcək. Paytaxtda iki böyük nümayiş planlaşdırılır, polis bildirir.
 
1995-ci ildə pensiya islahatlarına ümummilli tətil Fransanın nəqliyyat sistemini üç həftə ərzinə iflic etdi və sonucda hökumət geri çəkildi. /azadliq.org
 

Google+ WhatsApp ok.ru