Fransa ilə diplomatik əlaqələrin kəsilməsi tələb edildi - QAT

Fransa ilə diplomatik əlaqələrin kəsilməsi tələb edildi - QAT

Qarabağ Azadlıq Təşkilatı Fransa ilə diplomatik əlaqələrin kəsilməsini tələb etdi.
 
Maide.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) son ay ərzində Fransa, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə müxtəlif adlar altında səfərlərin kütləvi hal almasını qətiyyətlə pisləyir.
 
Həkimlər, elm adamları, yazıçılar və digər peşə sahibləri xeyriyyəçilik adı altında həmin ərazilərə qanunsuz səfərlər edir, qondarma rejimin rəhbərləri ilə görüşürlər. Bu qeyri-qanuni prosesdə Fransa xüsusi fəallıq göstərir, ayrı-ayrı şəhərlərin rəhbərləri bölgəyə gəlir, “qardaşlaşma” kampaniyaları aparırlar. Biz hesab edirik ki, bu hərəkətlər işğalçı Ermənistana dəstək və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimin təbliğ edilməsi məqsədi güdür. Bu ölkələr bu hərəkətləri ilə beynəlxalq hüquq normalarını, Azərbaycanın qanunlarını kobud şəkildə pozurlar. Həmçinin hesab edirik ki, bu addımlar təsadüfi deyil, erməni mərkəzləri tərəfindən hazırlanaraq həyata keçirilir, Azərbaycana qarşı ciddi təxribatların hazırlanmasından xəbər verir.
 
Biz Azərbaycan hakimiyyətindən bu məsələyə ciddi yanaşmasını, sərt mövqe tutmasını, bu ölkələrlə, xüsusilə də Fransa ilə münasibətlərə yenidən baxmasını, hətta diplomatik əlaqələrin kəsilməsini tələb edirik.
 
 
QAT Mətbuat. Xidməti.
 
25 oktyabr 2018.
 

Google+ WhatsApp ok.ru