Freedom House: Son bir ildə 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib

Freedom House: Son bir ildə 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib

-- son yeddi ildə dalbadal internetin məhdudlaşdırılması bütün dünyada atmaqda davam edib

Freedom House insan haqları təşkilatının noyabrın 14-də açıqlanmış yeni hesabatında deyilir ki, hökumətlər dünya boyunca sosial mediada informasiyanın manipulyasiya edilməsi, internetin sərbəstlik verən vasitə kimi hədələnməsi cəhdlərini artırıblar.
 
“İnternetdə azadlıq 2017: Demokratiyanın Əngəllənməsi üçün Sosial Medianın Manipulyasiyası” (Freedom on the Net 2017: Manipulating Social Media to Undermine Democracy) adlı hesabatda deyilir ki,internetin manipulyasiyası və dezinformasiya taktikasından azı 18 ölkənin seçkilərində istifadə edilib.
 
Bu da qeyd olunur ki, son yeddi ildə dalbadal internetin məhdudlaşdırılması bütün dünyada atmaqda davam edib.
 
Bu hesabat 65 ölkəni və dünya üzrə internet istifadəçilərinin 87 faizini əhatə edir. Bu hesabatda 2016-cı ilin iyunu və 2017-ci ilin may ayı arasında baş vermis hadisə və proseslər təhlil edilib.
 
Ümumilikdə 30 ölkədə informasiyanın saxtalaşdırılması üçün internetin manipulyasiyasından istifadə edilib.
 
Ötənilki hesabatda bu ölkələrin sayı 23 idi.
 
Üç ildir ki, dalbadal Çin dünyada internet azadlığının ən böyük qənimi olub. Onun ardınca reytinq cədvəlində Suriya və Efiopiya gəlir.
 
İnternet istifadəçiləri və jurnalistləri üzərinə fiziki hücumların sayı son bir ildə 50 faiz artıb.
 
İnternet azadlığının ən pis korlandığı ölkələr sırasına Ukrayna, Misir və Türkiyə daxildir.
 
İnternetdə azadlıq hesabatında 65 ölkədə internet və rəqəmsal medianın azadlıq dərəcəsi 0-dan 100-dək şkalada ölçülüb.
 
0-dan 30-dək balla qiymətləndirilmiş ölkələr “azad ölkələr” kateqoriyasına daxil olub.
 
“Qismən azad ölkələrin” balı 31-dən 60-dəkdir. “Azad olmayan” ölkələr kateqoriyasına 61-dən 100-dək balı olan ölkələr daxil edilib.
 
Beləliklə bu hesabatda Gürcüstan 24 balla azad ölkə hesab edilib. Ermənistan 32, Qırğızıstan 37, Ukrayna 45, Azərbaycan isə 58 balla “qismən azad” kateqoryasında qərar tutub.
 
Hesabatın bir neçə bölümündə spesifik olaraq Azərbaycanla bağlı məqamlar az deyil.
 
Sənədin bir yerində qeyd olunur ki, hökumətlər kiberhücum alətlərindən özlərinə düşmən bildikləri şəxslərə - əsasən də korrupsiya və cinayətkarlığı faş edənlərə qarşı istifadə ediblər.
 
Hesabatda deyilir ki, bir çox hallarda Bəhreyn, Azərbaycan, Meksika və Çin kimi ölkələrdə fəalların sosial media hesabları qanunsuz haker hücumları vasitəsilə izlənməyə məruz qalıb.
 
Ölkələr üzrə manipulyasiya taktikasına aid cədvəldən görünür ki, Azərbaycanda dezinformasiya taktikasının 5 növündən 4-ü işə salınıb. Bunlar muzdlu hökumətyönlü şərhçilərdən, iqtidaryönlü mediadan, siyasi botlardan və hesabların oğurlanmasından istifadədir.
 
Bu da qeyd olunur ki, Azərbaycanda media plüralizmi xaricdən maliyyələşən media qurumlarının işinin məhdudlaşdırılması nəticəsində ciddi şəkildə pisləşib. Belə bir vəziyyət medianı reklam bazarından pay almaq məqsədilə hökumətdən asılı vəziyyətə salır.
 
Hesabatda deyilir ki, son bir il ərzində 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib.  
 
Azərbaycan hökuməti bundan əvvəlki illərdə də internet azadlığının məhdudlaşdırılmasına və senzura edilməsinə görə tənqid edilib.
 
Rəsmi Bakı bir qayda olaraq bu tənqidləri rədd edir və bildirir ki, Azərbaycanda internet tam sərbəstdir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru