Freedom House Əliyevlərə qarşı sanksiyaları dəstəklədi

Demokratiya və ifadə azadlığının müdafiəsi üzrə nüfuzlu təşkilat – Freedom House Azərbaycan rəsmilərinə qarşı ABŞ sanksiyalarını nəzərdə tutan qanun layihəsini müdafiə edir. Təşkilatın fikrincə, rəsmi Bakının buna reaksiyası gözlənilməz deyil və vəziyyəti dəyişməməlidir.
 
Dekabrən 16-da ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit qanunun aliliyi və insan haqları naminə “Azərbaycan Demokratiya Aktı”nı Konqressə təqdim edib.
 
Bu qanun layihəsi Azərbaycan hökümətinin yüksək vəzifəli rəsmilərinə, təhlükəsizlik və ədliyyə sisteminin işçilərinə, onların yaxın qohumlarına, habelə onlarla iş birliyindən yüksək maliyyə gəlirləri əldə edən şəxslərə ABŞ vizasının verilməməsi ilə yanaşı daxil sanksiyaların tətbiqini nəzərdə tutur.
 
Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini “qəbuledilməz” adlandırıb.
 
Vaşinqtonda yerləşən Freedom House təşkilatından BBC Azərbaycancaya deyiblər ki, Azərbaycan hökumətinin reaksiyası gözlənilməz deyil və diqqəti insan hüquqlarının müdafiəsi məsələsindən yayındırmamalıdır.
“ABŞ Konqresi Azərbaycanda jurnalist, siyasi müxalifət, QHT və dini fəallara qarşı amansız təqiblərə görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin rəsmiləri əleyhinə sanksiyaları müzakirə edir”, – təşkilatın vise-prezidenti Daniel Calingaert bildirib.
 
O deyib ki, “qisasa-qisas reaksiyası Azərbaycan hökumətinin təməl insan hüquqlarına hörmət qoymaması faktından diqqəti yayındırmamalıdır”.(azadlıq)

Google+ WhatsApp ok.ru