Fuad Qəhrəmanlı ittihamın uydurma olduğunu bəyan edir

AXCP sədrinin müavini «facebook»dakı statuslarının saxtalaşdırılaraq, cinayət işinə əlavə olunduğunu bildirir
 
AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı dünən Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında vəkili ilə görüşüb. Bu barədə “Azadlıq”a məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, görüşdə Fuad Qəhrəmanlı barəsindəki cinayət işinin istintaqının yekunlaşmasına dair prokurorluğun qərarı müzakirə olunub.
 
Vəkil deyir ki, Fuad Qəhrəmanlının təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə sonuncu qərarda ittiham həcminə görə genişləndirilib. Yəni Fuad Qəhrəmanlıya qarşı CM-nin 220.2-ci (kütləvi iğtişaşlara çağırış) maddəsilə yeni ittiham irəli sürülüb. Bundan əlavə, əvvəlki ittihamlar da ağırlaşdırılıb: “Fuad Qəhrəmanlı həbs olunarkən ona qarşı CM-nin 281.1-ci maddəsilə irəli sürülmüş ittiham 281.2-yə tövsif olunub. Əvvəlki maddənin sanksiyasında 5 ilə qədər azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulurdusa, yeni tövsifdə görə, bu cəza 5 ildən 8 ilə qədərdir. Bu da xarakterinə görə ağır cinayətlər kateqoriyasına aiddir”.
 
Vəkil Fuad Qəhrəmanlının özünün ittihamlara münasibətini də “Azadlıq” vasitəsilə ictimaiyyətə çatdırıb: “Fuad Qəhrəmanlı hər üç maddə üzrə ittihamları rədd edib və bildirib ki, ittihamda yazılanlar tamamilə uydurmadır. O həmçinin, ”facebook”dakı statuslarının təhrif edildiyini, saxtalaşdırıldığını bildirib. Yazmadığı ifadələr ona istinadən cinayət işinə əlavə edilib. Hesab edir ki, bu da onun siyasi fəaliyyəti ilə əlaqədardır. Onun cəmiyyətdən uzun müddətə təcrid olunmasına hesablanıb. Istintaqın bu hərəkəti qərəzli olaraq, onun ifadə azadlığının və internetdən istifadə hüqunun pozulması kimi qiymətləndirilməlidir”.
 
Xatırladaq ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ötən il dekabrın 8-dən həbsdədir.  /

Google+ WhatsApp ok.ru