FÜRSƏTLƏRİ OVLAYAQ!

FÜRSƏTLƏRİ OVLAYAQ!

Hər bir insan ətraf dünyasına nəzər yetirsə, ilahi nemətlərin saysız-hesabsız olduğunu görəcəkdir. Bu nemətlərə görə, azacıq belə Allaha şükür etməyən insan küfür uçurumuna yuvarlarnır, hətta cəhənnəmlik olur. İnsan Allah-Taalanın onun ixtiyarında qoyduğu hədsiz nemətləri qızıl fürsət hesab etməli, onların qədir və əhəmiyyətini bilməli, onlardan layiqincə bəhrələnməlidir. Peyğəmbəri-Əkrəm (s) böyük səhabəsi Əbuzər Qifariyə tövsiyələrində buyurur:

يَا أَبَا ذَرٍّ، اغْتَنِمْ خَمْساً قَبْلَ خَمْسٍ: شَبَابَكَ قَبْلَ هَرَمِكَ، وَ صِحَّتَكَ قَبْلَ سُقْمِكَ، وَ غِنَاكَ قَبْلَ فَقْرِكَ، وَ فَرَاغَكَ قَبْلَ شُغْلِكَ، وَ حَيَاتَكَ قَبْلَ مَوْتِكَ؛

“Ey Əbuzər! Beş haldan qabaq beş halın qədrini bil: qocalığından qabaq gəncliyinin, xəstəliyindən qabaq sağlamlığının, kasıblığından qabaq sərvətinin, məşğulluğundan qabaq fərağət və asudəliyinin və ölümündən qabaq həyatının!”[1]

Peyğəmbəri-Əkrəmin (s) bu qızıl tövsiyələri yalnız Əbuzər Qifariyə deyil, bütün insanlara aiddir. Sözsüz ki, fürsət və imkanlarının əhəmiyyətini bilən və onlardan gözəl şəkildə bəhrələnən insan heç vaxt təəssüflənməz. Zaman və ömür ilahi nemətlərdən biridir və ondan düzgün istifadə edildikdə, behişt qazanılır. Bu fürstlər bahar buludları tək ötüb-keçəsi, əldən çıxasıdır. Fürsətlərdən lazımınca istifadə etmək barədə Əmirəlmöminin Əlinin (ə) belə bir sözü var: İnsan ömrü ( ələ düşən fürsətlər) bulud kimi keçib gedir. Əlverişli fürsətləri əldən buraxmayın.[2] Elə isə, nə qədər ki, fürsət var, ondan bəhrələnmək, faydalanmaq lazımdır.

1. Gənclik fürsəti – cənnətlik, ya cəhənnəmlik: Bəziləri gənclik qəfləti və məstliyi ucbatından, ötəri ləzzətlərə qərq olduqları, gənclik gücündən düzgün bəhrələnmədiyi, onu nəfsani və şeytani istəklərə qul etdiyindən, onların gənclik təcrübələri cəhənnəm və yandırıcı oddan başqa bir şey deyildir. Odur ki, dini mətnlərimiz və hədis mənbələrimizdə gənclərə tövsiyə olunur ki, gənclik məstliyindən və onun təhlükələrindən qorunsunlar. İmam Əli (ə) buyurur:

يَنبَغى لِلعاقِلِ اَن يَحتَرِسَ مِن سُكرِ المالِ وَ سُكرِ القُدرَةِ، وَ سُكرِ العِلمِ، وَ سُكرِ المَدحِ وَ سُكرِ الشَّبابِ، فَاِنَّ لِكُلِّ ذالِكَ رياحا خَبيثَةً تَسلُبُ العَقلَ وَ تَستَخِفُّ الوَقارَ؛

“Ağıllı insana yaraşır ki, sərvət, qüdrət, elm, tərif və gənclik məstliyindən uzaq olsun. Çünki onların hər biri ağlı aradan aparan, vüqarlılığı azaldan çirkli küləkdir.”[3]

İmam Sadiq (ə) buyurur:

لَستُ اُحِبُّ اَن اَرَى الشّابَّ مِنـكُم اِلاّ غادياً فى حالَينِ: اِمّا عالِماً اَو مُتَعَلِّما، فَاِن لَم يَفعَل فَرَّطَ، فَاِن فَرَّطَ ضَيَّعَ، وَ اِن ضَيَّعَ اَثِمَ، وَ اِن اَثِمَ سَـكَنَ النّارَ وَ الَّذى بَعَثَ مُحَمَّدا بِالحَقِّ؛

“Gənclərinizi bu iki haldan başqa bir halda görmək istəmirəm: elm öyrədən və ya elm öyrənən. Bu halda olmayan gənc səhlənkarlıq etmiş və əgər səhrlənkarlıq edibsə, özünü məhv etmişdir. Əgər özünü məhv edibsə, günaha düşmüşdür. Əgər günaha düşübsə, and olsun Muhəmmədi (s) haqq olaraq peyğəmbərliyə göndərən Allaha ki, onun yeri cəhənnəmdir.”[4]

2. Sağlamlıq fürsəti: Sağlamlıq və cismani qüvvə Allaha ibadət etmək üçün ən gözəl fürsət və nemətdir. İmam Əli (ə) buyurur:

اَلصِّحَّةُ اَفضَلُ النِّعَمِ؛

“Sağlamlıq ən gözəl nemətdir.”[5]

3. Varlılıq fürsəti: Allah-Taalanın varlı təbəqənin öhdəsinə qoyduğu ağır və mühüm vəzifələrdən biri də yoxsul təbəqəyə qayğı göstərmək, yardım etməkdir. Necə ki, Quran ayələrində də bu mövzuya dəfələrlə toxunulur, yoxsullara və möhtaclara diqqətsizliyin axirət əzabı ilə nəticələnəcəyi vurğulanır. Misal üçün, “Muddəssir” surəsinin 42-44-cü ayələrində buyurulur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ

Sizi “səqər”ə (cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik və yoxsulu da yedirtməzdik...”

4. Fərağət və asudəlik fürsəti: Bu, ilk baxışda yaxşı hal kimi görünməsə də, dərindən düşündükdə, görürük ki, ilahi nemətdir. Nə çoxları başını qeyri-zəruri və dəyərsiz məşğələlərə qatdığı üçün Allah-Taala ilə söhbət, Ona bəndəçilik etmək tofiqatından uzaqlaşır. Bir halda ki, insan bekar və asudə vaxtından səmərəli işlərə sərf edə bilər, Allaha-Taalaya yaxınlaşıb işlərinin sonu haqda düşünə bilər. Elə bu səbəbdən, Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifariyə tövsiyə edir ki, məşğulluğundan qabaq asudə vaxtının qədrini bil!

5. Qızıl həyat fürsəti: Allah-Taalanın insana bəxş etdiyi ən gözəl və ən dəyərli fürsət və nemət həyatdır. Həyat olmazsa, başqa nemətlərin də heç bir faydası yoxdur. Demək, digər nemətlərin əsası və kökü həyatdır. Buna görə də, Peyğəmbəri-Əkrəm (s) tövsiyə edir ki, ölümdən qabaq həyat və yaşayışının qədrini bil! İnsan öldükdən sonra, axirət aləmində bu dünyada münasib fürsətləri əlindən çıxardığı və imkanlarından düzgün istifadə etmədiyi üçün öz keçmişinə həsrətlə baxar, keçmişdə buraxdığı səhvlərini düzəltmək üçün Allahdan yenidən onu dünyaya qaytarmasını istəyər. Lakin onun istəyi qəbul olunmaz. “Muminun” surəsinin 99-100-cu ayələrində buyurulur:

حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ. لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا...

Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! Xeyr, (onun bu xahişi heç vaxt yerinə yetməz və) bu onun dediyi boş (faydasız) bir sözdür...”

Bir sözlə, fürsətləri ovlamaq böyük hünərdir. Gəlin bizə verilmiş bu fürsətlərin qədrini bilək və onun hər anını qənimət sayaq. Çünki elə bir vaxt yetişəcək ki, bircə “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) kəlməsi demək həsrəti dodaqlarda qalacaq!

Rza Şükürlü (Maide.az)



[1] “Əl-əmali”, Şeyx Tusi, səh.526; “Məkarimul-əxlaq”, tərcümə: Mirbaqiri, 2-ci cild, səh.450.

[2] “Vəsailüş-şiə”, 16-cı cild, səh.84, fəsil 91.

[3] “Təsnifu ğurəril-hikəm”, səh.66, hədis 875.

[4] “Əmali”, Şeyx Tusi, səh.303, hədis 604.

[5] “Təsnifu ğurəril-hikəm”, səh.483, hədis 11148.

 

Google+ WhatsApp ok.ru