GƏNCLİK ‒ ÖMRÜN QİYMƏTLİ ÇAĞLARI

GƏNCLİK ‒ ÖMRÜN QİYMƏTLİ ÇAĞLARI

-- İmam Sadiq (ə): Gənclərinizi bu iki haldan başqa bir halda görmək istəmirəm:....

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

يَا أَبَا ذَرٍّ، اغْتَنِمْ خَمْساً قَبْلَ خَمْسٍ: شَبَابَكَ قَبْلَ هَرَمِكَ، وَ صِحَّتَكَ قَبْلَ سُقْمِكَ، وَ غِنَاكَ قَبْلَ فَقْرِكَ، وَ فَرَاغَكَ قَبْلَ شُغْلِكَ، وَ حَيَاتَكَ قَبْلَ مَوْتِكَ؛

“Ey Əbuzər! Beş haldan qabaq beş halın qədrini bil: qocalığından qabaq gəncliyinin, xəstəliyindən qabaq sağlamlığının, kasıblığından qabaq sərvətinin, məşğulluğundan qabaq fərağət və asudəliyinin, ölümündən qabaq isə həyatının!” (“Əl-əmali”, Şeyx Tusi, səh.526; “Məkarimul-əxlaq”, tərcümə: Mirbaqiri, 2-ci cild, səh.450.)

Şən və çılğın əhval-ruhiyyə ilə müşahidə olunan gənclik illəri insan ömrünün ən gözəl dövrü hesab olunur. Düzdür, insan ömrü əvvəldən axıra qədər böyük nemətdir, lakin gənclik illəri bu nemətin ən şirin çağlarıdır. Bu cəhətdən də, Peyğəmbəri-Əkrəm (s) əvvəl gənclik dövranını yad edir və sonda həyatın əsl əhəmiyyətinə toxunur.

İmam Xomeyni (r.ə.) tez-tez çıxışlarında deyirdi: “Ey gənclər! Gəncliyinizin qədrini bilin.” Çünki bu elə bir nemətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala çatıb ilahi tərəqqiyə nail ola bilər. Halbuki qocalıq çağlarında bu məqamlara yetmək ehtimalı çox zəifdir. Elə bu səbəbdən də, məsum rəhbərlərimiz öz çıxışlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) bu barədə belə buyurur:

“Hər bir gənc mömin Quran oxuyarsa, Quran onun əti və qanına qarışar, cismi və ruhuna nüfuz edər.”

Gənc insan yaş çubuq kimidir; hansı tərəfə əysən, o tərəfə də əyilər. Bu baxımdan onu haqqa tərəf yönəltsən, haqqı tez qəbul edər. Bu dövrdə insanın özünü islah etməsi, çirkin adətlərdən təmizləməsi daha asandır. Məhz bu dövrdə insan:

–Başqa dəyərlərə nisbətən haqqı daha tez qəbul edir;

–Sağlam bədənə malik olduğu üçün öz ictimai vəzifələrini həyata keçirməkdə daha fəal hərəkət edir;

–Güclü cismə və ruha malik olduğu üçün öz ilahi təklif və vəzifələrinə daha yaxşı əməl edə bilir;

–Əxlaqi rəzilətlərlə mübarizədə güclü olur;

–Güclü iradə və zehni sayəsində elmin dərin üfüqlərinə gedib çıxa bilir;

–Yorulmadan düşünüb təfəkkür edə bilir;

–Fəzilətli sifətləri özündə cəmləşdirib sabit hala gətirə bilir.

Qocalıq illəri isə ömrün cismi cəhətdən zəif, əldən düşdüyü dövrdür. Bu illərdə insanın şəxsiyyəti formalaşma dövrünün sonuna çatır və onu dəyişmək, adətən, qeyri-mümkün olur. Bir sözlə, qocalıq, insanın cismani və ruhi cəhətdən süstülüyə qədəm qoyduğu bir dövrdür.

Qurani-Kərimdə üç yerdə qocalıq “şəyb” və “şəybə” təbiri ilə verilmiş, dörd yerdə isə “şeyx” və “şuyux” kimi işlədilmişdir. Həmin misalların əksəriyyətində bu dövr, insan ömrünün təbii cəhətdən zəif illəri kimi göstərilir. Məsələn, həzrət Zəkəriyyə (ə) barəsində buyurulur:

قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا...

“Dedi: “Pərvərdigara! Qocalıq sümüklərimi süst etmiş, saçlarımı ağartmışdır...” (“Məryəm” surəsi, ayə 4.)

Həmçinin insan həyatının mərhələləri barəsində buyurur:

اللَّهُ الَّذِي خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِن بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِن بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً يَخْلُقُ مَا يَشَاء وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ

“Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (gənc) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz edən və qocaldan Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (“Rum” surəsi, ayə 54.)

Bunlardan əlavə, qocalıq dövrünün acizliyinə Quranın bir çox yerlərində, müxtəlif təbirlərlə işarə olunmuşdur.

Gənclik dövrü ixtiyarımızda olan son dərəcədə qiymətli bir fürsətdir. Bu fürsətdən istifadə edib, əxlaqi rəzilətlərin təmizlənməsi ilə məşğul olmalıyıq. Çünki qocalıq illərində bu iş olduqca çətinləşir. Təəssüflər olsun ki, insan bir şeyi hiss etmədən, təcrübə etmədən həmin şeyə inanmır. Yəni qocalıb beli bükülməyincə, qocalığın ağrı-acılarını dərk edə bilmir. Doğrudur, qocalıq haqqında deyilənlər və özünün şəxsi müşahidələri vasitəsi ilə kifayət qədər məlumatlı olur. Lakin bu məsələni lazımınca dərk edib inana bilmir. Elm və mərifətin uca dərəcələrinə yüksələn böyük şəxsiyyətlər olub ki, hələ də onlarda gənclik dövründən qalma zəif əxlaqi nöqtələr müşahidə edilir. Onlar bu zəif cəhətlərini ya gənc olanda başa düşməyiblər, ya da başa düşdükləri halda, onu düzəltməyə səy göstərməyiblər. (“Tuşeye-axirət” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh.22-23.)

Bunu da qeyd etmək lazımdır ki, bəzən gənclik qəfləti və məstliyi insanı ötəri ləzzətlərə qərq edir. Nəfsani və şeytani istəklərə qul olan gənc adam gənclik gücündən düzgün bəhrələnə bilmir. Belələrinin gənclik təcrübələri cəhənnəm və yandırıcı oddan başqa bir şey olmur. Odur ki, dini mətnlərimiz və hədis mənbələrimizdə gənclərə tövsiyə olunur ki, gənclik məstliyindən və onun təhlükələrindən qorunsunlar. İmam Əli (ə) buyurur:

يَنبَغى لِلعاقِلِ اَن يَحتَرِسَ مِن سُكرِ المالِ وَ سُكرِ القُدرَةِ، وَ سُكرِ العِلمِ، وَ سُكرِ المَدحِ وَ سُكرِ الشَّبابِ، فَاِنَّ لِكُلِّ ذالِكَ رياحا خَبيثَةً تَسلُبُ العَقلَ وَ تَستَخِفُّ الوَقارَ؛

“Ağıllı insana yaraşır ki, sərvət, qüdrət, elm, tərif və gənclik məstliyindən uzaq olsun. Çünki onların hər biri ağlı aradan aparan, vüqarlılığı azaldan çirkli küləkdir.” (“Təsnifu ğurəril-hikəm”, səh.66, hədis 875.)

İmam Sadiq (ə) buyurur:

لَستُ اُحِبُّ اَن اَرَى الشّابَّ مِنـكُم اِلاّ غادياً فى حالَينِ: اِمّا عالِماً اَو مُتَعَلِّما، فَاِن لَم يَفعَل فَرَّطَ، فَاِن فَرَّطَ ضَيَّعَ، وَ اِن ضَيَّعَ اَثِمَ، وَ اِن اَثِمَ سَـكَنَ النّارَ وَ الَّذى بَعَثَ مُحَمَّدا بِالحَقِّ؛

“Gənclərinizi bu iki haldan başqa bir halda görmək istəmirəm: elm öyrədən və ya elm öyrənən. Bu halda olmayan gənc səhlənkarlıq etmiş və əgər səhrlənkarlıq edibsə, özünü məhv etmişdir. Əgər özünü məhv edibsə, günaha düşmüşdür. Əgər günaha düşübsə, and olsun Muhəmmədi (s) haqq olaraq peyğəmbərliyə göndərən Allaha ki, onun yeri cəhənnəmdir.” (“Əmali”, Şeyx Tusi, səh.303, hədis 604.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru