Gəncədə yeni çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi inşa edilir

Gəncədə yeni çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi inşa edilir. Həmçinin şəhərin iki müxtəlif ərazilərində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət yaşayış massivində də işlər sürətlə davam edir.

Çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksi şəhərin Mirzə Abbas Abbaszadə küçəsində Xan bağının yanında 1 hektar ərazidə inşa ediləcək. Ərazidə tikiləcək binların layihəsi hazırlanır. Artıq tikinti aparmaq üçün təmizlənmə işləri tam başa çatıb və 20 ağır texnika vasitəsilə 12 metr olacaq bünövrənin qazıntı işləri aparılır.

Əli Rüstəmli- Gəncə şəhərinin baş memarı: “Şəhərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Bu, kompleksdir. Burada birinci və ikinci mərtəbələr əhalinin tələbatının ödənilməsi üçün ticarət obyektləri, yuxarı mərtəbələr isə yaşayış mənzilləri olacaq”.

Yeni salınacaq yaşayış kompleksinin qabaq hissəsində tikilən iki korpusdan ibarət 5 mərtəbəli binalarda da işlər davam edir. Korpusun birində beton-hörgü işləri tam başa çatıb. Digər korpusun isə ikinci mərtəbəsinin beton işinə başlanılacaq. Layihəyə görə tikilən binalarda ümumilkdə 50 mənzil olacaq ki, bunun da 41-i 3 otaqlı, 9-zu isə 4 otaqlıdır.

Şəhərin Yeni Gəncə yaşayış massivində tikilən 14 9 mərtəbəli binada isə 920 mənzil olacaq. Bəzi binaların zirzəmisində işlər başa çatıb, bəzilərinin isə 4-cü və 5-ci mərtəbələrində işlər gedir. Burada bütün betonlama işləri ilin sonuna kimi yekunlaşacaq.

Şəhərin Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində inşa edilən 12 çoxmərtəbəli binadan 3-nün 7-ci mərtəbəsində betontökmə işləri aparılır. İnşa edilən binaların birinci mərtəbəsində isə ticarət obyektləri olacaq. Tikilən üç binanın bu ilin oktyabr ayında təhvil verilməsi nəzərdə tutulur. Gələcəkdə buradakı çoxmərtəbəli yaşayış binaların sayı 14-ə çatdırılacaq.

Google+ WhatsApp ok.ru