Gələn il buraxılış imtahanlarında fənlərin sayı artırılacaq

XI sinif məzunları əlavə olaraq xarici dildən imtahan verəcəklər

Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, onlara Təhsil Komissiyasında da baxılıb. Artıq Təhsil Nazirliyinin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib. Onun sözlərinə görə, üçüncü fənn “Xarici dil” fənni olacaq: “Təhsillərini davam etdirən şagirdlər üçün bu problem yaratmayacaq. Çünki ali məktəblərə hazırlaşan abituriyentlər üçün üç qrupda xarici dil fənni var. Tədris prosesində bütün orta məktəblərdə xarici dillər keçilir. Kim hansı xarici dildə dərs keçibsə, o dildə də imtahan verəcək. Buraxılış imtahanında Xarici dil fənninin əlavə olunması yalnız 11-ci siniflər üzrə keçirilən buraxılış imtahanında tətbiq olunacaq. Beləliklə, 11-ci siniflər gələn il buraxılış imtahanında Ana dili, Riyaziyyat və Xarici dildən imtahan verəcək”.
 
M.Abbaszadə qeyd edib ki, 9-cu sinif üzrə keçiriləcək buraxılış imtahanında isə heç bir əlavə fənn olmayacaq. Onun sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları iki fənn üzrə-Ana dili və Riyaziyyat fənnindən aparılacaq.

Google+ WhatsApp ok.ru