Gəncədə icra başçısına xəsarət yetirilib

Maide.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və  orada olan  rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru