Gəncədə icra başçısını döyənlərin ikisi həbs edilib

Gəncənin Nizami rayon icra başçısı, onun müavini və 5 polis əməkdaşının döyülməsi ilə bağlı cinayət işi açılıb.
 
Maide.az-ın məlumatına görə, bu haqda Baş Prokurorluq və DİN məlumat yayıb.
 
Məlumatda bildirilir ki, dekabrın 10-da Nizami rayon İcra Hakimiyyəti Gəncənin Cavad xan qəsəbəsində qanunsuz tikililərlə bağlı tədbir keçirən zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlayıb.
 
Məlumatda qeyd olunur ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən Nizami rayon İcra Hakimiyyətinin başçısı da daxil olmaqla bir neçə nəfər xəsarət alıb. Polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.
 
Faktla bağlı Nizami şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi açılıb.
 
Cinayəti törətməkdə şübhəli bilinən Aqil Səmədov və Ərşad Nağıyev saxlanıblar.
 
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirildiyi bildirilir. /

Google+ WhatsApp ok.ru