Gələn həftədən “İnşaatçılar” stansiyasının I vestibülü təmirə bağlanacaq

Gələn həftədən “İnşaatçılar” stansiyasının I vestibülü təmirə bağlanacaq

“İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanılacaq.
 
Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
 
N.Paşayevin sözlərinə görə, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
 
“2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunmuş və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”, - deyə N.Paşayev qeyd edib.
 
Qeyd edək ki, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlmiş, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb. (apa) /

Google+ WhatsApp ok.ru