Gələcək nəsillərin pulu xərclənir

Gələcək nəsillərin pulu xərclənir

"Exo" qəzetində "Azərbaycan hökuməti Beynəlxalq Bankı nə üçün xilas etməyə səy göstərir?" sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.
 
Yazıda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı borclarının restrukturizasiyasına nail olmaq məqsədilə Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.
 
Üstəlik, bankın bütün öhdəlikləri dövlətə keçirilib.
 
Müəllif bildirir ki, bütün bu məsələlər təkcə maliyyə institutunun kreditorlarını yox, bütün cəmiyyəti silkələyib: "Bir çox KİV-lər və ekspertlər əminliklə bəyan edirlər ki, bu, Beynəlxalq Bankın iflasıdır, amma belə deyil. Bank iflasın bir addımlığında idi, hökumət bu maliyyə institutunu xilas etmək prosesinə qoşulub. Bankın məlumatına görə, ötən ili ziyanla başa vurub".
 
Ə.Həsənov da deyib ki, rəsmi məhkəmə qərarı olmadan bankı müflis saymaq düzgün deyil: "De-fakto bank müflis olub, amma rəsmi təsdiq üçün məhkəmə qərarının olması zəruridir. Amma belə qərar yoxdur. Üstəlik, həm də məhkəmə artıq bankı müflis olmuş elan etməyəcək. Dövlət bankın borcunu öz üzərinə götürür".
 
Ekspert hesab edir ki, bundan sonra bank özəlləşdiriləcək. Ona görə də, bankın iflasından söhbət belə gedə bilməz.
 
Ə.Həsənov deyib ki, dövlət bankın bütün borclarına görə yox, yalnız fiziki şəxslər və xaricdəki böyük bankların alacaqları ilə bağlı öhdəlikləri öz üzərinə götürür.
 
Ekspertə görə, dövlət bu addımı atmasaydı, öz imicinə ağır zərbə enərdi.
 
Ə.Həsənov deyib ki, bu borclar Neft Fondunun hesabından ödəniləcək. Bu isə gələcək nəslin pullarının xərclənməsi deməkdir. /

Google+ WhatsApp ok.ru