Gənclərin işsizliyi

Gənclərin işsizliyi

işsizlik gənclər arasında artıq sosial problemə dönüb

«Novoye Vremya» qəzetində «Gəncliyin işsizliyi-sosial problem» sərlövhəli yazı yer alır.

Müəllif gənclər arasında işsizlik problemini müzakirəyə çıxarıb.

Yazıda qeyd edilməsinə görə, ölkədə işsizlik son illər azalsa belə, məşğulluq məsələsi əhali və xüsusilə gənclər arasında problem olaraq qalmaqdadır. Müəllif iddia edir ki, hakimiyyətin bu sahədə cəhdləri istənilən nəticəni vermir.

Yazıda vurğulanıb ki, rəsmilər gənclər arasında ölkə üzrə işsizliyin 9.2 faiz olduğunu bildirirlər. Amma müəllif bu rəqəmin reallıqda daha yüksək olduğunu düşünür.

Yazıda qeyd edildiyinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bu problemə səbəb kimi təhsil sisteminin bazarın tələblərinə cavab verməməsini göstərib.

«Bu problem var və mübahisə etmək çətindir, ekspertlər də bu barədə dəfələrlə danışıblar. Məsələ burasındadır ki, problemi aradan qaldırmaq üçün reallıqda iş görülmür və durumun nə vaxt dəyişəcəyi də bəlli deyil»,-deyə müəllif yazıb.

Yazıda «orta və ali məktəb müəssisələri diplom aldıqdan sonra işsizlər ordusunu tamamlayacaq mütəxəssislərmi hazırlayır» sualı gündəmə daşınır.

Müəllifə görə, burada çıxış yolu problemin kompleks həllindədir. Yazıda qeyd edilib ki, işsizlik gənclər arasında artıq sosial problemə dönüb. Müəllifin fikrincə, bu məsələ gənclər arasında inamsızlığa, ölkədən xaricə üz tutmağa səbəb olur.

Yazıda daha sonra da ölkədə gizli işsizliyin mövcudluğundan bəhs edilir. Müəllif düşünür ki, əmək məqsədilə ölkədən gedənləri də «gizli işsizlik» kateqoriyasına aid etmək olar. Yazıda vurğulandığına görə, onların əksəriyyəti vətənə dönmək niyyətində deyil, çünki burada onları ya işsizlik, ya da aşağı maaş gözləyir.

Google+ WhatsApp ok.ru