Gənclərın sayının artmasında geriləmə

Gənclərın sayının artmasında geriləmə

Azadliq.info saytında «Ölkə gənclərinin sayında 25 faiz azalma» sərlövhəli yazı oxumaq olar.
 
Sayt Dövlət Statistika Komitəsinin məlumatına istinad edən iqtisadçı Nemət Əliyevin hesablama və düşüncələrinə yer verib.
 
Yazıda bildirilir ki, gənclərin sayı son illər azalmaqdadır. Müəllifin fikrincə, belə nəticələrə görə hesabatlar verilməli, istefalar gündəmi zəbt etməliydi: «2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228.1 min nəfər, 26 faiz, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183.4 min nəfər və ya 19 faiz azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411.5 min nəfər və ya 23 faiz təşkil edir».
 
Yazıda vurğulanıb ki, 2011-ci illə müqayisədə 25-29 yaş qrupu üzrə 7 faiz artım var. Amma onun açıqlamasına görə, 2016-cı ildən başlayaraq bu yaş qrupunun sayında da azalma başlayıb. «Ürək parçalayan bu rəqəmləri və tendensiyanı sakitcə seyr etmək, heç nə olmamış kimi üzərindən sükutla keçmək əsla mümkün deyil. 20 faiz torpaqları işğal altında olan bir ölkə üçün bu nəticələr dözülməzdir. Mənfi tendensiyanın daha da sürətlənməsi hər kəsi düşündürməlidir», - deyə N. Əliyev qeyd edib.
 
İqtisadçı yazının sonunda isə öz tövsiyələrini çatdırıb: «Gənclərin həyatını alt-üst edən ağır sosial-iqtisadi şəraitin sağlamlaşdırılması, ilk növbədə isə onların normal maaşlı iş yerləri ilə, mənzillə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. «Burda mənəm, Bağdadda kor xəlifə», yaxud da «babam mənə kor deyib, gəlib-gedəni vur deyib» fəlsəfəsi ilə irəli getməyin mümkün olmamasını, nəhayət, anlamaq gərəkdir. Sonra çox gec ola bilər».
 

Google+ WhatsApp ok.ru