'Gəncə işi'ndə tutulanların valideynləri aksiya keçirib

'Gəncə işi'ndə tutulanların valideynləri aksiya keçirib

Bu gün, aprelin 22-də Gəncədə ötən il bu şəhərdə baş verən hadisələr zamanı həbs edilən şəxslərin valideynləri etiraz aksiyası keçiriblər. Onlar əllərində həbs edilən uşaqlarının və keçmiş prezident Heydər Əliyevin şəkillərini tutublar.

Aksiya iştirakçıları keçmiş prezidentdən belə bir sitat da gətiriblər: «Dövlət iki halda sarsılır. Günahkarlar cəzasız qalanda, günahsızlara cəza veriləndə».

Aksiya iştirakçıları deyiblər ki, uşaqları tutulduqdan sonra həm Gəncədə, həm də Bakıda işgəncələrə məruz qalıblar. Çıxışçıların deməsinə görə, elektrikə verilənlər, ağır şəkildə döyülənlər və təhqir edilənlər olub.

Valideynlərin vurğulamasına görə, bu barədə dəfələrlə şikayətlər etsələr də, onların müraciətinə baxan olmayıb. Çıxışçılar qeyd ediblər ki, baş verənlər onlara da pis təsir göstərib. Onların deməsinə görə, tutulanlardan birinin anası vaxtsız vəfat edib, bir başqasının anası isə intihara cəhd edərkən qarşısı alınıb.

Aksiya iştirakçıları dövlət başçısına, birinci vitse-prezidentə, Baş Prokurorluğa və başqa bir sıra qurumlara ünvanlanan müraciətlərini də oxuyublar. Müraciət müəlliflər uşaqlarının günahsız yerə tutulduğunu bildirərək, işgəncəyə yol verən hüquq-mühafizə əməkdaşlarının cəzalanmasını istəyiblər.

Çıxışçıların deməsinə görə, hüquq-mühafizə orqanları təxribatçıları vaxtında zərərsizləşdirməklə hadisələrin gərginləşməsinin qarşısını ala bilərdilər. Hətta, onlar bu məsələdə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müəyyən şübhələrini də dilə gətiriblər.

İcra hakimiyyətinin önünə yürüş
Aksiya iştirakçıları daha sonra əllərində tutduqları plakatlarla birgə Gəncə Şəhər İcra Hakimiyyətinin önündəki meydana toplaşıblar. Onlar orada da tutulanların bir çoxunun günahsız olduqlarını bəyan ediblər. Daha sonra onları polislər əhatəyə alıb. Polislər şikayətçilərə yaxınlaşaraq aksiyanın razılaşdırılmadığını və bu üzdən qanunsuz olduğunu deyiblər. Polislərin sözlərinə görə, şikayətçilər hakimiyyət orqanlarına müraciət edib, onun nəticələrini gözləməlidirlər. Bundan sonra aksiya tədricən sakit məcraya keçib.

Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Gəncə hadisələrində tutulanların valideynləri bundan əvvəl də işgəncə iddiaları ilə bağlı şikayətlər dilə gətiriblər. Konkret bu şikayətlərə də rəsmi qurumlar münasibət bildirməyiblər. Amma onlar, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri ümumən əsaslı saymırlar. Belə şikayətləri həqiqətə söykənməyən, böhtan xarakterli məlumatlar adlandırırlar. /azadliq.org/

Google+ WhatsApp ok.ru