Güclü külək cənub bölgəsində fəsadlar törədib

Ötən gecədən başlayaraq əsən külək Azərbaycanın cənub rayonlarında bir sıra fəsadlar törədib. APA-nın cənub bürosunun məlumatına görə, Astara rayonunun Pensər kəndi ərazisində hündür, iri gövdəli çinar və şam ağacları Ələt-Astara magistralına aşdığından nəqliyyat vasitələrinin hərəkətində təqribən yarım saata kimi sıxlıq yaranıb. Hətta ağaclardan birinin minik avtomobilinin üzərinə aşması təhlükəsi olub. Yerli sakinlərin müdaxiləsindən sonra aşmış ağaclar yoldan çıxarılmaqla maşınların normal hərəkəti bərpa olunub.
 
Güclü külək Astara, Lənkəran və Lerik rayonlarında yüksək gərginlikli elektrik xətlərinin qırılması, elektrik və telefon dirəklərinin aşmasına, evlərin, yardımçı tikililərin dam örtüklərinin uçmasına səbəb olub. Nəticə də hər üç rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib.
 
Hazırda qəza briqadaları fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, cənub-qərb küləyi Astarada 14 s.m, Lerikdə 22 s.m, Lənkəranda isə 18 s. m. təşkil edib.
Hazırda güclü gülək əsməkdə davam edir.

Google+ WhatsApp ok.ru