Güclü leysan və dolu bu dəfə Yardımlıda fəsadlar törətdi

Ötən gün axşam saatlarında Yardımlı rayonunda hava şəraiti kəskin pisləşib.

Rayonun icra strukturlarından verilən məlumata görə, təqribən 20 dəqiqə müddətində güclü dolu, ardınca leysan yağıb. Nəticədə 2 elektrik transformatoru qəzalı vəziyyətə düşüb, rayonun 10-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
 
Təbii fəlakət yol infrastrukturuna da ciddi ziyan vurub, kəndarası yolları sel suları basıb, rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. 
 
Dolu rayonun kənd təsərrüfatından da ziyansız keçməyib. Sel hektarlarla əkin sahəsini yuyub aparıb, taxıl zəmilərinə böyük ziyan vurub, ot tədarükünü iflic vəziyyətə salıb. 
 
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür. / (APA)

Google+ WhatsApp ok.ru