GECƏ NAMAZININ HİKMƏTİ – 3

GECƏ NAMAZININ HİKMƏTİ – 3

ÜÇÜNCÜ SƏCİYYƏ: GECƏ İBADƏTLƏRİ

Sual: Ayə və rəvayətlərdə gecə namazının bu qədər qiymətləndirilməsi nədən irəli gəlir? Başqa sözlə, gecə namazı nədən ötrüdür?

Cavab: Aşağıdakı mətləbləri gecə namazının mahiyyəti barədə qənaətbəxş hesab etmək olar:

1. Gecənin bir vaxtı Xaliqi ilə raz-niyaz üçün yataqdan qalxmaq bəndənin ibadətdə əzmkarlığını göstərir.

2. Gündüzün səs-küyündən uzaq gecənin qaranlığında səmimi ibadət üçün şərait daha çoxdur.

3. Gecənin qaranlığında riyakarlığa yer yoxdur. İnsan məsciddə və camaat içərisində riyaya düçar ola bilər. Adətən, birgə qılınan namazlarda riyaya zəmin yaranır. Lakin gecənin bir vaxtı tək-tənha camaatın gözündən uzaq qılınan namazın saf və xalisliyində ehtimal çoxdur və bu da onun dəyər və savabını artırır.

4. Gecə namazı insana ruhi aramlıq bəxş edir. Müasir tibb bir çox xəstəliklərin səbəbini ruhi-psixoloji gərginlikdə görür. Gecə ibadətləri insanın ruhi-psixoloji gərginliklərini azaldır, əhval-ruhiyyəsini dəyişir. “Gecə namazı insanın sağlamlığını təmin edir! – kimi rəvayətlərlə də bunu anlamaq olar.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

صلاة الليل مرضاة الرب، وحب الملائكة، وسنة الأنبياء، ونور المعرفة، وأصل الإيمان، وراحة الأبدان، وكراهية الشيطان، وسلاح على الأعداء، وإجابة الدعاء، وقبول الأعمال، وبركة في الرزق

“Gecə namazı Allahın razılığını qazanmaq və mələklərə yaxın olmaq üçün bir vasitə, peyğəmbərlərin sünnəsi və yolu, mərifət nuru, imanın əsası, bədənin dincliyi, şeytanın qəzəbi və düşmən əleyhinə bir silah, dua və əməllərin qəbulu, ruzinin bərəkətidir...” (“Müstədrəkül-vəsail”, 6-cı cild, səh.335, hədis 25.)

Bir sözlə, gecə namazını yaşatmaq böyük səadətdir. Əgər onu tam şəkildə qılmaq çətin görünürsə, müstəhəb əməllərini yerinə yetirmədən qılınsın. Bu zaman onun on bir rükətini on beş dəqiqə ərzində qılmaq olar. Hətta daimi qıla bilməsək də, heç olmazsa, həftədə bir dəfə, “cümə” günləri unutmasaq yaxşıdır.

Gecə ibadətinin təsiri ilə bağlı bu əhvalat diqqəti özünə cəlb edir:

Axund Molla Məhəmmədtəqi Məclisidən belə nəql olunur: “Gecələrin birində gecə namazını qılıb-qurtardıqdan və Allahla raz-niyaz etdikdən sonra Onun dərgahında edəcəyim bir duanın mütləq şəkildə qəbul olunacağını özlüyümdə hiss etdim. Fikirləşirdim ki, dünyam üçün bir şey istəyim və ya axirətim üçün! Qəfildən beşikdən Məhəmmdbaqirin (“Biharul-Ənvar” kitabının müəllifi) ağlamaq səsi eşitdim və belə dua etdim: “İlahi, Muhəmməd (s) və ali-Muhəmmədə (ə) xatir, bu uşağı din təbliğatçılarından və İslam Peyğəmbərinin (s) maarifini nəşr edib yayanlardan qərar ver, ona Sənin sonsuz lütf və mərhəmətinə nail olmaqda müvəffəqiyyət əta et!”

Sözsüz ki, Əllamə Məhəmmədbaqir Məclisinin böyük şəxsiyyət olması və islami-dini əsərlər yadigar qoyması atasının gecə vaxtı gecə namazından sonra etdiyi duasının bərəkətindəndir. (“Simaye fərzaneqan”, 3-cü cild, səh.223.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru