General məhkəmənin bitməsini tələb etdi

General məhkəmənin bitməsini tələb etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə iki şahid ifadə verib.
 
MTN-nin keçmiş əməkdaşı, mayor Mübariz Hüseynov 2004-cü ildə nazirliyin Antiterror Mərkəzinə əməliyyat müvəkilli vəzifəsinə çalışdığını deyib: “2015-ci ilin dekabr ayında isə MTN-dən təqaüdə çıxışam. Mərhum Malik Mustafayevi nazirliyin əməkdaşı kimi qiyabi olaraq tanımışam. Mərhumun intihar etməsindən bir müddət sonra nazirlikdəki əməkdaşlardan eşitmişəm. Bu barədə mətbuatdan da oxumuşam. Malik Mustafayev MTN-in Situasiya Mərkəzində rəis müavini olub”.
 
Mübariz Hüseynov qeyd edib ki, ATM-də işləyən zaman mərkəzin əməkdaşı kimi gündəlik ictimai-siyasi vəziyyət barədə arayış tərtib edib: “Malik Mustafayevin intiharının səbəbi kimi qardaşı Mətləb Mustafayevin həbs olunmasının pis təsir etməsini fikirləşdim. Mətləb Mustafayevlə həbs olunan zaman MTN-in İstintaq baş idarəsində xüsusi otaqda görüşmüşəm, Görüş barədə mənə ATM-in rəis müavini İlqar Əliyev göstəriş verib. İlqar Əliyev mənə Mətləb Mustafayevin İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqədə olması barədə deyib. Rza və Hüseyn adlı şəxslərin silah qaçaqmalçılığında adları keçib, lakin axtarışda olublar. Əməliyyat məlumatına əsasən həmin şəxslərdən silah əldə edib. Mətləb Mustafayevlə təxminən 3 dəfə görüşmüşəm”.
 
Zərərçəkən Mətləb Mustafayev isə deyib ki, MTN-də Mübariz Hüseynov ilə 6 dəfə görüşüb. Amma Mübariz Hüseynov yenə də 5 və ya 4 dəfə görüşdüyünü deyib. O, qeyd edib ki, bütün görüşləri İlqar Əliyevin göstərişi ilə keçirib.
 
 
Elçin Quliyev ittiham aktı üzrə keçən işin yekunlaşdırılmasını, çıxışlara başlanmasını təklif edib.
 
Mətləb Mustafayev istintaqın yekunlaşmasına etirazını bildirib. Deyib ki, onun epiozdu üzrə bütün şahidlərin dindirilməsi təmin olunmalıdır.
 
Həm hakim, həm də prokuror dindirilən şahidlərlə işi yekunlaşdırmağın mümkün olduğunu deyiblər.
 
Amma Mətləb Mustafayev yenə də etiraz edib. Bildirib ki, iştirak etdiyi epizod üzrə bütün şahidlər məhkəməyə çağırılmalıdır. Onun sözlərinə görə, vəsatətində verdiyi əlavə şahidlərin də məhkəmədə dindirilməsi vacibdir.
 
Məhkəmə oktyabrın 2-də davam edəcək.
 

Google+ WhatsApp ok.ru