Gilas 10 manat, ərik 7 manat... Mövsüm meyvələri niyə bahadır?

Gilas 10 manat, ərik 7 manat... Mövsüm meyvələri niyə bahadır?

Qiyməti "od tutub yanan" mövsüm meyvələrini hər kəs ala bilmir.
 
BBC News Azərbaycanca müxbirinin Bakıda baş çəkdiyi müxtəlif bazar və marketlərdə gilasın qiyməti 3-10, alçanın 4-9, moruğun isə 4-5 manatdır.
 
Xaçmazda bir gilas bağı sahibi deyir ki, bu il gilas bahadır. O, bunun səbəbini hava şəraiti ilə əlaqələndirir.
 
"Bu qış şaxta olmadı, buna görə də ağaclar arasında xəstəlik yayıldı. Ancaq möhkəm ağaclar dözdü və məhsul qıt oldu", - adının açıqlanmasını istəməyən bağban deyir.
 
Onun sözlərinə görə, meyvəni bağdan alanlara kilosunu 4.50-5 manat arası satırlar.
 
Bakının Yaşıl bazarında mövsüm meyvələri satanlar bahalığı həm də meyvələrin böyük hissəsinin Rusiya bazarlarına göndərilməsi ilə əlaqələndirir.
 
Bəzi alıcılar bu vəziyyətdən narazılıq etmir, digərləri isə bəzi meyvələrə həsrət qaldıqlarını deyirlər.
 
Paytaxt marketlərində isə qiymətlər daha da bahadır. Belə marketlərdə gilasın qiyməti 9 manata qədər ola bilər.
 
Bakıda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən yarmarkada isə qiymətlər bir qədər aşağıdır. Burada 3 manata da gilas tapmaq olar.
 
Amma satıcılar deyir ki, belə qiymətə satmaq sərfəli deyil.
 
BBC News Azərbaycanca Kənd Təsərrüfatı Nazirliyindən qiymətlərlə bağlı şərh ala bilməyib. /bbc /
 

 

Google+ WhatsApp ok.ru