Girov vətəndaşlarımızla bağlı mətbuat konfransında müəmma

İyulun 17-də öz torpaqlarımızda ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Tədbirdə iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, konfransın ilk dəqiqələrindən zalın işıqları söndürülüb və tədbirin təxirə salınması tələb edilib.

Təşkilatçılar bunu yaxınlıqda qəzanın baş verməsi ilə izah etsələr də, tədbirin keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) işıqlarının yandığı diqqətdən yayınmayıb.

Tədbirə ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri və bir sıra millət vəkilləri dəvət edilsə də, məlum olub ki, əksəriyyət konfransa qatılmayıb. Tədbirdə millət vəkillərindən yalnız Aydın Mirzəzadə iştirak edib.

Müdafiə Komitəsinin sədri, jurnalist Elxan Salahov çıxışında bildirib ki, məqsədləri əsir düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək, onlara qarşı yol verilən zorakılıqları dünya ictimaiyyətinə çatdırmaqdır.

E.Salahov yerli mətbuatda da əsir düşmüş azərbaycanlılarla bağlı yer alan xəbərlərin bəzən həqiqəti əks etdirmədiyini və bu informasiyaların ictimaiyyətə çatdırılmasının yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsir düşən azərbaycanlıların Kəlbəcərə getməkdə məqsədləri yaxınlarının məzarlarını ziyarət etmək olub.

Tədbirdə çıxış edən YAP-çı deputat Aydın Mirzəzadə ermənilərin bu əməlinin beynəlxalq hüquq normalarına sığmadığını vurğulayıb, həmçinin bildirib ki, azərbaycanlıların öz torpaqlarına getmək hüquqları var və onlar bu hüquqlarından istifadə ediblər: “Əsir düşən Azərbaycan vətəndaşları sərhədi yox, sadəcə olaraq, cəbhə xəttini keçiblər. Heç kim bir azərbaycanlının öz torpaqlarını ziyarət etməsinə qadağa qoya bilməz”. A.Mirzəzadə vətəndaşlarımızın bu addımını qəhrəmanlıq kimi qiymətləndirib. O, beynəlxalq qurumların, ATƏT nümayəndələrinin bu məsələyə münasibət bildirməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, vətəndaşlarımızın əsir düşməsinə dövlət səviyyəsində ciddi reaksiya veriləcək.

Mətbuat konfransında çıxış edən hərbi ekspert Üzeyir Cəfərov əsir düşən azərbaycanlılarla bağlı dövlət tərəfindən iş görülməsi sahəsində ləng addımlar atıldığını bildirib. İctimaiyyət təmsilçisi olan Əvəz Həsənov isə qeyd edib ki, vətəndaşlarımızın belə asanlıqla ələ keçməsi təəssüfedici haldır.

Qeyd edək ki, tədbir işıqların sönməsi ilə yarımçıq saxlanılıb. Deputat Aydın Mirzəzadə də tədbiri yarımçıq tərk edib. Əsirlərin yaxınları mətbuat konfransına gəlsələr də, onlar zaldan çıxarılıb və danışmalarına imkan verilməyib. Həmçinin tədbir iştirakçıları və jurnalistlər konfransın yarımçıq kəsilməsinə etiraz etsələr də, konfrans davam etdirilməyib. Təşkilatçılar bəyanatlarını da oxumadan zalı tərk ediblər. Onlar bildiriblər ki, bir neçə günə yenidən tədbir keçirməyə çalışacaqlar.

Təşkilatçıların mediaya sonradan göndərdikləri bəyanatda isə əsir vətəndaşların Müdafiəsi Komitəsinin beynəlxalq təşkilatlara müraciət etdiyi bildirilir. Qeyd edək ki, müraciət Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinə və BMT-yə ünvanlanıb. Müraciətdə bildirilir: “1990-cı illərin əvvəllərində Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizini işğal edilməsi nəticəsində 1 milyondan artıq soydaşımız öz ata-baba yurdundan, ev-eşiyindən didərgin salınıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda başlanan bu münaqişə zamanı Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon (Kəlbəcər də daxil olmaqla) 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub. Həmin 7 rayondan məcburi köçkün düşmüş 1 milyona yaxın Azərbaycan vətəndaşı 20 ildən artıqdır ki, öz ata-baba yurduna, doğulduğu torpaqlara qayıdıb orada sərbəst yaşayacağını səbirsizliklə gözləyir. Ancaq 1992-ci ildə münaqişə bölgəsində əldə edilmiş atəşkəs sazişi imzalanandan sonrakı dövr ərzində beynəlxalq səviyyədə aparılan sülh danışıqları nəticə vermir.

Torpağından, ev-eşiyindən məcburi köçkün vəziyyətinə salınmış Azərbaycan vətəndaşları isə ”nə hərb, nə sülh" vəziyyətinə dözə bilmir. Üstəlik, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması səbəbindən qoşunların təmas xəttində insanlar həlak olur, yaralanır, cəbhəboyu kəndlərdə evlər dağıdılır. Çox təəssüf ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan bu hərəkətlərinə görə cəzalandırılmır. Bu cəzasızlıq isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətmək üçün əl-qolunu açır. 2014-cü il iyul ayının 10-da Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov adlı 3 Azərbaycan vətəndaşının öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülməsi bunu bir daha sübut edir.

Halbuki Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıb, öz doğma torpaqlarında gəzib, yaxınlarının məzarlarını ziyarət ediblər. Onların hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna getməkdə məqsədləri də elə bu idi və onlar Azərbaycanın dövlət sərhədlərindən kənara çıxmayıblar. Ancaq görünür ki, Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində sərbəst hərəkət etmək, ev-eşiyini, yaxınlarının məzarını ziyarət etmək haqqını da pozur, onları girov götürür, işgəncə və təhdidlərə məruz qoyur.

Bu azmış kimi, Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını “diversant” kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır. Öz torpaqlarını ziyarətə gedən məcburi köçkün soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində - Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülməsi hadisəsi işğalçı qonşumuzun Azərbaycana qarşı barışmaz mövqedə olduğunu bir daha sübut edir. Məhz bu hadisə ATƏT-in Minsk Qrupu tərəfindən aparılan uzunmüddətli sülh danışıqlarının perspektivlərini də şübhə altında qoyur. Biz bundan dərin təəssüf hissi  və ciddi narahatlıq keçirdiyimiz bəyan edirik".

Komitə Ermənistanın hərəkətlərini, Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik siyasətini pisləməklə yanaşı, beynəlxalq ictimaiyyəti baş verənlərə laqeyd qalmamağa çağırıb: “Biz beynəlxalq qurumları və dünya ictimaiyyətini Ermənistanın insanlığa, beynəlxalq hüquq normalarına zidd hərəkət və davranışlarını pisləməyə, Kəlbəcər rayonu ərazisində girov saxlanılan Azərbaycan vətəndaşlarının tezliklə geri qaytarılması üçün ciddi addımlar atmağa çağırırıq”.

Google+ WhatsApp ok.ru