Gömrük sahibkarlarla «centlmen sazişinə» gedir

Fevralın 28-də Dövlət Gömrük Komitəsində xarici ticarət iştirakçıları ilə görüşdə idxal edilən malların gömrük qiyməti ilə əlaqədar «centlmen sazişi» əldə edilib.
 
DGK mətbuat xidmətinin məlumatına görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev sahibkarlara bildirib ki, idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsində müəyyən güzəştlər ediləcək. Amma bu güzəştlər barədə konkret məlumat yoxdur.
 
Manatın dollara nisbətdə məzənnəsi 34% devalvasiya ediləndən sonra ekspertlər ixrac mallarının bahalanacağını bildirirdi. Amma Azərbaycan reallığı göstərir ki, gömrükçülərin imkanları hüdudsuzdur və hələlik xarici malların pərakəndə satış qiymətləri əvvəlki səviyyədədir.
 
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, yəqin, “güzəşt” deyəndə "minimum qiymət"ə müvəqqəti «moratorium» nəzərdə tutulur. İndiyədək gömrükdə rüsum və vergi hesablananda qaimədəki qiymət yox, öz metodologiyaları ilə hesablanan qiymət götürülürdü.
 
O, hesab edir ki, belə saziş nə idxalçıların, nə də istehlakçıların maraqlarına cavab verir. «İdxalda rəqabət mühiti yaradılmasa, rəsmi ödənişlərin malın gömrük dəyərinə nisbəti orta hesabla hazırkı 30-35%-dən 20%-dək endirilməsə, ərzaq bazarında vəziyyət qeyri-sabit olacaq”.
 
Qeyd edək ki, ötən həftə DGK rəhbəri Aydın Əliyev bildirmişdi ki, manatın devalvasiyası gömrük yığımına təsir etməyəcək. Çünki baza valyutası ABŞ dolları olub və bundan sonra da belə olacaq. Müstəqil ekspertlər hesab edir ki, idxalçılar gömrük yığımını manatla ödədiyi üçün gömrük mədaxili proqnozdan (1 mlrd 590 mln manat) çox olacaq.
 
Qeyd edək ki, gömrükçülərlə idxalçılar arasında razılaşmanın ilk əlaməti görünür. Tütün məmulatına aksiz dərəcəsi tətbiq ediləndən əvvəl (1 martda qüvvəyə minib) siqaretin pərakəndə satış qiyməti 30-60% bahalanmışdı. Paradoksaldır ki, bu gündən (2 mart) siqaretin satış qiyməti devalvasiyadan əvvəlki səviyyəyə endirilib.

Google+ WhatsApp ok.ru