Günahı etiraf etməyin mənası

Günahı etiraf etməyin mənası

Məsumlardan nəql olunmuş bir çox dua və minacatlarda günahın etirafı ilə bağlı maraqlı təbirlər işlənmişdir. Bildiyimiz kimi, onlar məsum və günahsızdırlar. Amma dua və münacatlarına nəzər yetirdikdə, sanki onların böyük günahlara yol verdiklərini anlayırıq. Məsələn, İmam Səccad (ə) “Əbu Həmzə Sumali” duasında Allaha belə ərz edir:

“Ey mənim ixtiyar sahibim, günahlarıma nəzər saldıqda qorxur, kərəmini görəndə isə ümidvar oluram!” “Sən ehsan edən, biz isə pis əməl və günah sahibiyik!” “Sən müxtəlif nemətlərinlə bizə məhəbbət göstərdiyin halda, biz günahlarımızla Sənə qarşı çıxır, Sən bizə xeyir nazil etdiyin halda, pis əməllərimiz tükənmək bilmədən Sənə doğru yüksəlir.”

Belə ibarələri “Kumeyl” duası, “Şəbaniyyə” münacatı, digər dua və münacatlarda da görmək olur. Bu barədə böyük şəxslər və alimlər müxtəlif münasibətlər bildirmişlər:

1. Məsum şəxs xalqın rəhbəridir. O, öz karvanını Behiştə apardığı üçün bütün ardıcıllarının dilindən dua və minacat edir.

2. Bu dualar və minacatlar təlim məqsədi daşıyır. Sanki imanlı şəxslərə minacat zamanı bu növ söhbət etməyin lazım olduğu bildirilir.

3.  Biz adi insanların azru etdiyi bir çox işlər məsumlar və yüksək mərifət sahibləri üçün  böyük günah hesab olunur. Məsələn, biz yuxulu vəziyyətdə bir neçə rükət gecə nafiləsi qıldıqda sevinirik. Lakin İmam Əlinin (ə) nökəri belə namaz qılsaydı, həsrətlə başına döyərdi. Onlar Allah qarşısında yuxulu-yuxulu namaz qılmağı hörmətsizlik hesab edirlər. Demək, bizim fəxr etdiyimiz hala görə onlar bağışlanmaq istəyirlər.

4. İlahi övliyalar vasitələri özlərindən bilmədikləri üçün dualar oxuyur və zəif olduqlarını bildirirlər. Onlar deyirlər: Əgər Allah əlimdən tutmazsa süqut edəcəyəm.

Əgər biz əql, iman və mərifətdən ibarət olan hidayət amillərini özümüzünkü bilsək, bu amillərdən məhrum olanların bizdən kiçik olduğunu zənn edəcəyik. Lakin boş bir qab olduğumuza və bütün feyzlərin Allah tərəfindən verildiyinə inanmalıyıq. Bu feyzlərin kəsilməsi təqva, mərifət, elm yoxluğundan qaynaqlanan bütün fəsadların mənşəsi ola bilər. Allah-Taala Peyğəmbərə (s) buyurur: Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni çaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!”

Demək, Peyğəmbər də ilahi hidayət və imandan bəhrələnmiş bir vaxtkı boş qabdır. Baxmayaraq ki, Həzrət ilahi feyz vasitəsi, mövcudatın ən kamili və məxluqatın ən şərəflisidir. İbadət ruhiyyəsi odur ki, insan tədricən heç nəyi olmadığını anlasın və bu anlayışını müxtəlif şəkillərdə büruzə versin, məsələn, ağlasın.

İlahi övliyalar süqut və fəsad mənşəsi olan boş qabdan ibarət vücudları haqqında düşündükdə belə minacatlar və təbirlər işlətmişlər.

Axırıncı cavab daha dərin, daha dolğundur. (“Münacatın əzəməti” – (Şukuhe-nəcva), Ayətullah Misbah Yəzdi, səh.53-54.)

Maide.Az

Google+ WhatsApp ok.ru