Günah heç də öləndə olmur - Ekspert

Günah heç də öləndə olmur - Ekspert

Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrində ölənlərin təxminən 70-80%-nin hadisədə günahı olmur.
 
Bu fikirləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yollardakı təhlükə və baş verən qəzalar barədə danışarkən deyib. Ekspertin fikrincə, yolda qəza baş verən zaman siz günahkar olmaya bilərsiniz, ancaq günahsızlıq sizi ölümdən xilas etməyəcək:
“Sürücü dostlar, özünüzü hər cür təhlükədən qoruyun. Yolda ən ciddi təhlükə intizamsız, tərbiyəsiz və təfəkkürsüz adamlardır.
 
Bizdə dəqiq rəsmi statistika olmasa da, apardığım müşahidə və təhlillərə güvənərək deyirəm ki, ölkədə baş verən yol-nəqliyyat hadisələrində ölənlərin çoxunun hadisədə günahı olmur. Hətta qəzada ölən sürücülərin də təxminən yarısı günahsız ölənlərdir. Bu acı həqiqətdir”.
 
Ekspert şahidi olduğu hadisə barədə danışarkən bildirib ki, bu cür hallarda qəza və ölüm riski çox olur:
“Qoşa xəttin ayırdığı 4 zolağın biz getdiyimiz 2 zolağında sıxlıq olduğuna görə çox asta sürətlə (təxminən 8-10 km/saat) gedirdik. Qarşı 2 zolaq boş kimi idi, tək-tük avtomobil gəlirdi. Arxa güzgüdə gördüm ki, təxminən 100 metr arxada bir taksi qoşa xətti keçdi və qarşıdan hərəkətin əksinə sürəti artırdı. Mənim yanımdan təxminən 50 km/saat sürətlə keçdi. Qarşıdan bir avtobus gəlirdi. Avtobus sürücüsü bu sürücünü görəndə sürətini bir az da artırdı, özü də avtobusu bir az da sola çəkdi, yəni taksi ilə düz üzbəüz şütüyürdü. Təbii ki, taksinin sükanı arxasındakı küçə uşağı bunu görəndə sağa çəkdi və öz yolu ilə səbirlə gedən sürücləri sıxaraq qoşa xəttin sağına qayıtdı, amma avtobus keçəndən sonra yenə sola çıxdı və sürüb getdi. Taksinin sükanı arxasındakının bu davranışı normal etik sözlərlə ifadəsi çətin olan tərbiyəsizlik və qanunsuzluqdur. Amma avtobus sürücüsünün onun üstünə şığıması da qeyri-normal və çox təhlükəlidir (səhər saat 7.30 radələri olduğundan avtobus dolu idi). Belə halda o tərbiyəsizin qabağını astaca kəsib mədəni qaydada irad bildirmək və polisə məlumat vermək olar. Çünki beləsindən hər şey çıxar. Yollarda bu zəmində bir-birini qətlə yetirənlər çox olur. Bu səbəbdən belə sürücülərdən uzaq qəzin”.(axar.az) /

Google+ WhatsApp ok.ru