GÜNAH MƏCLİSLƏRİNDƏ İŞTİRAK ETMƏK!

İmam Əli (ə) buyurmuşdur:

مَنْ كانَ يُؤْمِنُ بِاللَّهِ وَ الْيَومِ الْآخِرِ فَلا يَقُومُ مَكانَ رَيْبَةٍ؛

“Allaha və qiyamət gününə iman gətirən şəxs “reybə” məkanında dayanmaz.”

(“Üsuli-kafi”, 2-ci cild, səh. 378, “iman və küfr” kitabı, “günah məclisində iştirak etmək” bölümü, hədis 10.)

 

ŞƏRH VƏ TƏFSİR

Hədisdə qeyd olunan “reybə” sözü iki mənanı ifadə edir:

1. Şəkk, tərəddüd və ittiham: mömin və təqvalılar ittihama məruz qalacağı yerlərə getməkdən çəkinərlər. Əgər insan ittiham və sui-zənnə məruz qalacaqları yerlərdə iştirak edərsə, hədisdə qeyd olunduğu kimi, ona bədbin şəxsləri yox, əksinə özünü qınamalıdır. (“Biharul-ənvar”, 71-ci cild, səh. 91.)

2. “Fiqh” elminin “nikah” və “baxış” bəhsində qeyd olunduğu kimi, naməhrəm qadının əl və üzünə baxmaq iki şərtlə caiz sayılır: a) “ləzzət” məqsədilə olmasın; b) “reybə” olmasın, yəni insanın xəta və günaha düşməsinə səbəb olmasın. Bu mənaya əsasən, mömin şəxs günaha düşməsinə ehtimal veriləcək məclislərdən uzaq olmalıdır. Buna dair nəql olunan hədislərin sayı az deyildir. (“Bu rəvayətlərin bir hissəsi “Mizanul-hikmət” kitabında (2-ci cild, səh. 54, fəsil 519) nəql olunmuşdur.) Biz burada bununla bağlı bir neçə əqli və məntiqi dəlil qeyd etməklə kifayətlənirik:

1. Günah məclisində iştirak edən şəxs günaha düşməsə də, həmin məclisi və orada baş verən günahı təsdiqləmiş olur. Belə məclislərdə tanınmış şəxslərin, tayfa başçıları və ruhanilərin iştirak etməsi isə daha böyük günah sayılır!

2. Günahın ağırlığı və qəbahəti həm sizin, həm də camaatın nəzərindən düşür. Buna günümüzdəki günah dolu toy məclislərini misal çəkə bilərik. Möminlər belə məclislərdə əsla şirkət etməməli və onun səbəbini də bəyan edərək deməlidir: “Bizim sizə qarşı məhəbbətimiz var, amma Allahı sizdən çox istəyirik və şəri-dini vəzifəmiz sevgi və əlaqələrimizin fövqündədir.”

3. Günah məclislərində iştirak etmək günahkarların təşviqinə səbəb olur. Məclisdə rəqs edən bir günahkara iki nəfərin tamaşa etməsi ilə yüz nəfərin tamaşa etməsində böyük fərq var. “Həcc” surəsinin Əyri söz(lər)dən uzaq olun!” – ayəsinin (“Həcc” surəsi, ayə 30.) təfsirində belə bir hədis nəql olunur: “Bir xanəndəyə deyilən “sağ ol”, “yaşa” və “çox gözəl” sözləri “əyri sözlər” qismindən hesab edilir. (“Ənvarul-fəqahət”, “ticarət və haram kəsblər” bölümü, səh. 313.) Demək, günahkarı və günah məclislərini təşviq etmək, istər iştirak etməklə olsun, istərsə də sözlə, caiz deyildir.

4. Günah məclislərində iştirak edən şəxsin günaha düşmə ehtimalı böyükdür və həmin şəxs şeytani vəsvəsələrdən amanda qala bilməz. Kim zəmanət verə bilər ki, günah məclisində iştirak edən şəxs günaha düşməyəcək? Narkotik maddələrə alışan şəxslər öncədən yalnız narkotik maddələrin istifadə olunduğu məclislərdə iştirak etsə də, sonradan özü də ona qurşanır və nəhayət, ondan ayrıla bilmir!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru