Günel Mövludun qardaşları barədə 3 və 4 aylıq həbs qərarı çıxarılıb

“Meydan” TV-nin redaktoru, yazar Günel Mövludun Biləsuvar rayonunda saxlanılan qardaşı Vəkil İmanovun barəsində 4 ay, Sumqayıtda saxlanılan qardaşı Raci İmanovun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
 
Vəkil bu gün Biləsuvar rayonuna gedərək V. İmanovun saxlanması, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarı əldə edəcək, müstəntiqlə görüşəcək.
“İlk növbədə həbs qətimkan tədbirindən apellyasiya şikayəti verəcəm”, - o qeyd edib.
 
N.Kərimli müdafiə etdiyi şəxslərin həbsinin bacıları G. Mövludun fəaliyyəti ilə bağlı olduğunu düşünür.
 
“Qardaşlar narkotik maddə ilə əlaqədar saxlanılıblar. Azərbaycanda son dövrlər saxlanılan siyasətçilərin əksəriyyəti narkotik maddə ittihamı ilə saxlanılır. Qardaşların hər hansı günahı yoxdur. Necə olur ki, qardaşların biri Sumqayıtda, digəri Biləsuvarda eyni vaxtda, təxminən 10-15 dəqiqə fərqlə saxlanılır?”, - vəkil sual edib.
 
Qardaşlar oktyabrın 13-də narkotik maddə ittihamı ilə saxlanılıblar.
G.Mövlud hazırda xaricdədir. O, hakimiyyətin ünvanına tənqidi məqalələri ilə tanınır.

Google+ WhatsApp ok.ru