Günün hədisi: Cəmiyyətin üç əsası

Günün hədisi: Cəmiyyətin üç əsası

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

قامَتِ الدُّنْيا بِثَلاثَةٍ: بِعالِمٍ ناطِقٍ مُسْتَعْمِلٍ لِعِلْمِه‏، وَ بِغَنِىٍّ لايَبْخَلُ بِمالِه‏ عَلى‏ اهْلِ دينِ اللَّه عَزَّوَجَلَّ، وَ بِفَقيرٍ صابِرٍ. فَاذا كَتَمَ الْعالِمُ عِلْمَهُ، وَ بَخِلَ الْغَنِىُّ، وَ لَمْ يَصْبِرِ الَفقيرُ، فَعِنْدَها الْوَيْلُ وَ الثَّبُورُ

“Dünya üç şəxsin vasitəsilə möhkəmlənər:

1. Öz elmini işlədən (onun əsasında davranan və onu xalqa öyrədən) (fəsahət və bəlağətlə danışan) natiq alim;

2. Allahın möhtac bəndələrinə öz sərvətini verməkdə simiclik etməyən varlı;

3. Səbirli yoxsul.

Belə isə, alim öz elmini gizlətdikdə (və başqalarına öyrətmədikdə), varlı simiclik etdikdə (yoxsullara yaxşılıq etmədikdə) və yoxsul səbir etmədikdə, dünyanı müsibət və həlakət bürüyəcəkdir.”

(“Biharul-ənvar”, c.10, səh.119.)

 

 

Qısa izah

Bu rəvayətdə iki mühüm məsələ diqqəti cəlb edir:

1. Alim natiq olmalı, fəsahət və bəlağətlə danışmağı bacarmalıdır. Əks-təqdirdə, yerin altında gizli qalan xəzinətək cəmiyyətə faydasız olacaqdır. Demək, İmam Əlinin (ə) nəzərində natiqlik alimin ayrılmaz hissəsidir. Necə ki, o həzrətin özü də kamil alim nümunəsi və misilsiz fəsahət və bəlağət qabiliyyətinə malik idi. Bununla yanaşı, alimin sözləri Peyğəmbəri-Əkrəmin sözləri kimi olmalıdır ki, Qurani-Kərimdə buyurulur: “O, (ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.” (“Nəcm” surəsi, ayə 3.)

Demək, Alimin söhbəti nəfsi istəklərinə deyil, Allahın razılığına əsaslanmalıdır!

2. Natiq alim insanları haqqa dəvət etməzdən öncə özü ona əməl və tərki vacib olan əməlləri tərk etməlidir. Belə alim “rəbbani” və “ilahi” adlanır. Onun üzünə, hətta evinin qapısına baxmaq və məclislərində iştirak etmək ibadət, sözləri isə Allah yolunda cihad sayılır.

(Bir şəxs İmam Sadiqdən: “Peyğəmbəri-Əkrəmin “Alimlərin üzünə baxmaq ibadətdir!” – buyruğunda hansı alim nəzərdə tutulur?” – deyə soruşduqda, Həzrət buyurdu: “Üzünə baxanda, axirət aləmini xatırlayan alim nəzərdə tutulur. Amma bu xüsusiyyətə sahib olmayan alimin üzünə baxmaq isə, (ibadət sayılmadığı kimi) fitnə-fəsada səbəb olur.” (“Mizanul-hikmət”, fəsil 2845, hədis 13438.))

Əgər alim öz elmini yayaraq camaatdan qabaq özü ona əməl edərsə, varlı simiclik etməyib yoxsulların qayğısına qalarsa və yoxsullar da çətinliklərə dözüb səbir edərsə, cəmiyyət çətinliklərə məruz qalmaz. Alim öz elmini elmsevərlərin ixtiyarında qoymadığı, varlı yoxsulun qayğısına qalmadığı və yoxsul səbir etmədiyi zaman dünyaya müsibət və həlakət hökm sürəcək.

Əziz oxucu! Hər birimiz bu üç zümrədən birinə daxilik, Allahdan istəyək ki, vəzifəmizi layiqincə yerinə yetirək.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru