Günün hədisi: Səbir və təmkinli olmağın əhəmiyyəti

Günün hədisi: Səbir və təmkinli olmağın əhəmiyyəti

İmam Əli (ə):

عَلَيْكُمْ بِالصَّبْرِ، فَانَّ الصَّبْرَ مِنَ الْايمانِ كَالرَّأْسِ مِنَ الْجَسَدِ وَ لا خَيْرَ فى جَسَدٍ لا رَأْسَ مَعَهُ، وَ لا فى ايمانٍ لا صَبْرَ مَعَهُ

Səbirli və təmkinli olun. Çünki (səbir fəzilət və kamilliklərin hamısında mövcuddur və) səbrin imana nisbəti başın bədənə nisbəti kimidir. Başsız bədən və səbirsiz imanda xeyir yoxdur.

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 82.)

Qısa izah

Qurani-Kərim və məsum rəhbərlərin hədislərində geniş şəkildə bəyan olunan mühüm məsələlərdən biri səbirdir. Səbrin böyük əhəmiyyəti ilə əlaqədar bunu demək kifayətdir ki, bəzi ayələrə əsasən, behiştə aparan ən mühüm amildir. “Rəd” surəsinin 24-cü ayəsində buyurulur:

سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ

(Mələklər behişt əhlinə deyərlər:) “Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O (əbədi) dünyanın sonu nə gözəldir!”

Səbrin əhəmiyyətinin sirri

Səbrin əhəmiyyətini araşdırdıqda, bütün vacib və haram əməllərin onunla yekunlaşdığında görürük. Çünki vacib əməllərin yerinə yetirilməsi və haramların tərk edilməsi səbirsiz qeyri-mümkündür!

Səbir iki qismə bölünür:

1. Mənfi səbir;

2. Müsbət səbir.

Mənfi səbir budur ki, insan zülm, xəstəlik, yoxsulluq və s. kimi hər bir hadisə müqabilində təslim olaraq, əsla müqavimət göstərməsin. Bu növ səbir din düşmənlərinin sözləri ilə tam uzlaşır: “Dinlər, zülmkarların fikrilərindən baş qaldırmış və onları öz zülm və haqsızlıqlarını davam etdirmək üçün qondarmışlar!”

Başın bədənə nisbəti kimi hesab edilən müsbət səbir isə insana adi vəziyyətdən on dəfə artıq bir qüvvə bağışlayır. Qurani-Kərimdə bu barədə buyurulur:

يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُواْ مِئَتَيْنِ وَإِن يَكُن مِّنكُم مِّئَةٌ يَغْلِبُواْ أَلْفًا مِّنَ الَّذِينَ كَفَرُواْ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَفْقَهُونَ

“Ey Peyğəmbər, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhi sifətlərin qüvvətlənməsinə səbəb olan tövhidi dərindən dərk etmirlər).” (“Ənfal” surəsi, ayə 65.)

Allaha itaət və günahlardan uzaqlaşmaqda səbirli olmaq müsbət səbrin nümunələrindəndir. Səbir əxlaqi bir səciyyə kimi, böyük faydalarla nəticələnir. Demək, din və dünyanı səbirsiz əldə etmək olmaz.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru