Günün hədisi: Qayıdış yolu

Günün hədisi: Qayıdış yolu

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

وَ لَو فَكَّروُا فى‏ عَظيم الْقُدْرَةِ، وَ جَسيم النِّعْمَةِ، لَرَجَعُوا الَى الطَّريقِ، وَ خافُوا عَذابَ الْحَريقِ، وَ لكِنِ الْقُلُوبُ عَليلَةٌ، وَ الْبَصائِرُ مَدْخُولَةٌ

Əgər Allahın qüdrətinin böyüklüyü və nemətinin əzəməti haqda düşünsəydiniz, doğru yola yönələr və yandırıcı oddan qorxardınız. Amma qəlblər xəstə, gözlər isə eyiblidir!”

(“Nəhcül-bəlağə”, xütbə 185.)

 

Qısa izah:

İnsanlar üç qrupa bölünürlər:

1. “İfrat” və “təfrit” yollarından uzaq olub doğru yolda hərəkət edənlər;

2. Əyri yola düşənlər; onlar Allahın qəzəbinə düçar olmuş və haqdan azmışlardır;

3. Doğru yolda olduqları halda, bəzən də əyri yola düşənlər.

İmam Əli (ə) bu hədisdə doğru yoldan çıxanların doğru yola qayıdışından söz açaraq buyurur: “Doğru yola qayıdış yalnız təfəkkür sayəsində mümkündür; hər bir səs və şüara gözü və qulağı bağlı cavab vermək olmaz. Çünki bu, doğru yoldan çıxmağa səbəb olur.

Sual: Hansı məsələlər üzərində təfəkkür etmək insanı doğru yola yönəldir?

Cavab: Bu sual hədisin özündə  cavablandırılmışdır. İmam Əli (ə) buyurur ki, iki məsələ üzərində düşünün:

1. Allah-Taalanın yenilməz qüdrəti barədə düşünün və ona inanın. Bilin ki, hər bir şey; izzət və zillət, xoşbəxtlik və bədbəxtlik, ucalmaq və alçalmaq Onun qüdrət əlindədir və həqiqətdə, bizim istək və iradəmiz Onun istək və iradəsi müqabilində heçdir.

2. Allah-Taalanın saysız-hesabsız nemətləri haqqında düşünün! Nə üçün əyri yola sürükləndik? Bir halda ki, dünyaya göz açdığımız andan, hətta ondan əvvəl həyatımızın sonuna qədər Onun sayıb-qurtara bilmədiyimiz nemətləri içərisində qərqik! (“İbrahim” surəsinin 34-cü və “Nəhl” surəsinin 18-ci ayələrində bu haqda belə buyurulur: “Əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz.”)

Doğru yoldan azanlar bu iki mətləb üzərində düşünsələr, doğru yola yönələrlər. Amma qəlbləri xəstə və gözləri kor olduğundan, Allahın saysız-hesabsız nemətlərini kor gözləri ilə görmür və yenilməz qüdrətini xəstə qəlbləri ilə dərk etmirlər. Məhz bu səbəbdən də, doğru yola yönəlmirlər. Belələri hər şeydən əvvəl özünütanıma vasitələrini islah etməli, sağlam qəlb və aydın təfəkkürlə mehriban Allahın yenilməz qüdrəti haqqında düşünməli, görən gözlə Onun saysız-hesabsız nemətlərini görməlidir ki, doğru yola yönəlsinlər.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru