Günün hədisi: Nadanlığın əlamətləri

Günün hədisi: Nadanlığın əlamətləri

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

انَّ قُلُوبَ الْجُهَّالِ تَسْتَفِزُّهَا الْاطْماعُ وَ تَرْتَهِنُهَا الْمُنى‏ وَ تَسْتَعْلِقُهَا الْخَدائِعُ

“Nadan insanların qəlbini tamahkarlıq tərpədir, uzun arzular girov götürür, dünyanın bərbəzəkləri əsir edir.”

(“Üsuli-kafi”, 1-ci cild, “əql və cəhl” kitabı, hədis 16.)

Qısa izah

İmam Əli (ə) bu hədisdə nadan şəxslərin üç əlamətini bəyan edir:

1. Onların qəlbini oynadan və bərkləşdirən tamahdır. “Tamah” bir kəsdən yersiz təvəqqe gözləmək mənasını daşıyır. Məsələn, on manatlıq iş gördüyü halda, yüz manat almaq təvəqqesində olan şəxs tamahkar adlanır.

2. Qəlbin bərkliyinə səbəb olan uzun arzular nadan şəxslərin qəlbini girov götürür. Təbii ki, girov götürülmüş şəxs öz vəzifələrini icra etməyə qadir olmadığından uyğun reaksiyalar da göstərə bilməyəcək. Odur ki, nadan şəxslərin müxtəlif hadisələr müqabilində reaksiyaları münasib olmur.

3. Nadanın üçüncü əlaməti zahiri bərbəzəklərə diqqət yetirmək və həqiqətlərdən qəflət etməkdir. Alim həqiqətləri görür və maddi dünyanın bərbəzəklərinə əsir olmur. Nadan isə, daim xəyallara qapılır və dünya zinətlərinə aldanır. Buna görə də, həqiqətlərin dərki əsasında çəkilən alimin yolu doğru, nadanın yolu isə əyridir.

Sual: Nə üçün alim həqiqəti görür, nadan isə xəyallara qapılaraq zahiri bərbəzəklərə aldanır?

Cavab: “Elm” aydınlıq, “cəhalət” isə qaranlıqdır. (“Mizanul-hikmət”, 6-cı cild, səh.452, fəsil 2833, hədis 13379.)

Təbii ki, aydınlıqda gəzən şəxs həqiqətləri görəcək, qaranlıqda addımlayan şəxs isə xəyallara qapılacaq. Həm də nadan həmişə nəfsi istəklərə giriftar olur və bu da onun haqqı göstərən gözünü kor edir.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru