UNESCO Trans-İran dəmir yolunu öz siyahısına daxil etdi

UNESCO Trans-İran dəmir yolunu öz siyahısına daxil etdi

UNESCO-nun Dünya İrsi Komitəsi Trans-İran dəmir yolunu öz siyahısına daxil edib.
 
Komitə iyulun 25-də bəyan edib ki, İranın şimal-şərqindəki Xəzər dənizi ilə cənub-qərbdəki Fars körfəzini birləşdirən dəmir yolu xəttindən başqa, daha üç məkan UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
 
UNESCO-nun açıqlamasında deyilir:
 
“Tikintisi 1927-ci ildə başlanıb 1938-ci ildə başa çatan 1394 kilometr uzunluğunda dəmir yolu İran hökuməti və bir çox ölkələrdən olan 43 podratçının uğurlu əməkdaşlığının nəticəsidir”.
 
Bu dəmir yolu xəttinin miqyası və tələb olunan mühəndis işinin həcmi doğrudan da nəhəng olub.
 
Dəmir yolu mürəkkəb relyefdən - dik yamac və dağlardan keçdiyinə görə 174 böyük, 185 kiçik körpünün, habelə 224 tunelin tikilməsini tələb edib.
 
 Dəmir yolu Xəzər dənizindəki Bəndər Türkmən portundan başlayır, Əlbürz (Elbrus) dağlarından keçməklə paytaxt Tehranla Vəramin düzünü birləşdirir.
 
Daha sonra Qum və Ərakdan keçən dəmir yolu xətti Luristan ostanındakı Zaqros dağlarına daxil olur.
 
Dəmir yolu iki əsas xəttə ayrılır. Onun bir qolu Fars körfəzindəki Xürrəmşəhr, digər qolu isə İmam Xomeyni portlarına birləşir.
   
UNESCO Çində keçirilən sessiysında Trans-İran dəmir yolundan başqa özünün irs siyahısına Madriddəki Paseo del Prado bulvarını və Buen Retiro parkını, habelə Hindistandakı Kakatiya-Rudreşvara məbədini salıb. / azadliq.org/ 

Google+ WhatsApp ok.ru