`Google` Azərbaycandakı sistemin analoqunu yaradıb

“Google Docs” onlayn xidmətində bu günlərdə istifadəyə verilən səsin köməyi ilə mətnin yığılması və redaktə edilməsi xidməti istifadəçilərin işini daha da asanlaşdırıb. Bu xidmət yalnız ingilisdilli istifadəçilər üçün nəzərdə tutulub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Maide.az-a verilən məlumata görə, yerli mütəxəssislər dünyanın ən nəhəng internet korporasiyası olan “Google”un proqramçılarından bir neçə il öncə analoji sistemin ölkədə yaradılmasına nail olublar.
 
Belə ki, RYTN "Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən “Dilmanc İmla” sistemi yaradılıb.
 
Sözügedən proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.
 
Proqramın bu yaxınlarda hazırlanmış yeni versiyası bu günədək mövcud olan digər sistemlərdən fərqli olaraq şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.
 
Bu proqramı əldə etmək üçün çox sadə təlimatlara əməl etmək kifayətdir. İlk öncə layihənin saytından kompüterə “Dilmanc İmla” proqramını yükləmək lazımdır. Tətbiq onlayn rejimdə kompüter və mobil telefonda işlədiyi üçün eyni proqramı smartfonlara da yükləmək lazım gəlir. “Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən telefonlara yükləmək mümkündür. Yükləmə əməliyyatını başa çatdırdıqdan sonra, kompüterdə “Dilmanc İmla” proqramının pəncərəsində göstərilən birləşmə kodu mobil telefona daxil edilməlidir. 

Google+ WhatsApp ok.ru