Gürcüstanda İslam Peyğəmbərinin (s) mövludu münasibətilə şeir müsabiqəsi elan olunub

Gürcüstanda İslam Peyğəmbərinin (s) mövludu münasibətilə şeir müsabiqəsi elan olunub

Gürcüstanda İslam Peyğəmbərinin (s) mövludu münasibətilə "Sevgi, sülh və rəhmət Peyğəmbəri" mövzusunda şeir müsabiqəsi elan edilib. 
 
Maide.Az xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsi və Türkiyə Diyanət İşləri Başkanlığının Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən şeir müsabiqəsində şeirlər Azərbaycan və gürcü dillərində olmalıdır.
 
Gürcüstanda yaşayan Əhli-Beyt (ə) şairləri tərəfindən Əziz İslam Peyğəmbəri (s) haqqında  yazılan istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər (5 kupletdən az olmamaq şərti ilə) müsabiqəyə təqdim edilə bilər. Ancaq unutmamalıyıq ki, şeir müsabiqə iştirakçısının müsabiqə üçün yazdığı yeni (heç yerdə dərc olunmayan) şeiri olmalıdır.
 
Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə ümumilikdə 10 (5 azəri və 5 gürcü dilləri üçün) mükafat nəzərdə tutulub. Hər dil üzrə birinci yer üçün 2000 Lari (təqribən 1350 AZN), ikinci yer üçün 1000 (675AZN) , üçüncü yer üçün 800 (540 AZN) , dördüncü və beşinci yerlər üçün isə 500 (335 AZN)  lari nəzərdə tutulub.
 
Həzrət Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü münasibəti ilə keçirilən müsabiqə bu aydan başlayaraq 2017-ci ilin fevral ayının sonuna qədər davam edəcəkdir.
 
Müsabiqəyə təqdim edilən bütün şeirlər şairlər və ədiblərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra antologiya şəkilində dərc edilib keçirilməsi nəzərdə tutulan “Şeir axşamı” tədbirində müəlliflərə, din xadimlərinə və qələm əhlinə hədiyyə olunacaqdır.
 
Müəlliflər şeirlərini fevralın 28-nə qədər  aşağıda göstərilmiş e-mail ünvana və ya İdarənin facebook səhifəsinə (müəllifin şəkli və haqqında qisa məlumat və əlaqə telefonu vacibdir) göndərməlidirlər.
 
E-mail: [email protected] Əlavə məlumat üçün telefon: +995 577623031
 
 

Google+ WhatsApp ok.ru