250 yaşlı insan - 19

250 yaşlı insan - 19

On üçüncü fəsil: Gizli təşkilat

Təşkilat dedikdə məqsəd nədir? Məlum məsələdir ki, məqsəd bugünkü mənada nizam-intizamlı, lazımlı kadrları, region, şəhər və kənd komitələri, özəkləri olan mütəşəkkil bir partiya deyil və ola da bilməzdi. Bu sözdə məqsəd ortaq məqsədlə müxtəlif iş və vəzifələri yerinə yetirən, vahid mərkəz və rəhbərliyə tabe olan, öz aralarında da müəyyən əlaqələri, həmçinin yaxınlıq və doğmalıq hissləri olan insanların birliyidir.

İmam Əlinin (ə) dövründə, Səqifə ilə xilafət arasındakı 25 illik müddətdə xilafətin insanların xoşuna gələn düzgün fikirlərinə rəğmən, hakimiyyətin ən üstün və ən fədakar müsəlman olan Əli ibn Əbutalibin (ə) haqqı olduğuna inanan, Əlinin (ə) canişinliyinə dair Peyğəmbərin (s) sözünü unutmayan, Səqifədən sonrakı ilk günlərdə hakimiyyətə qarşı etirazlarını və imama qarşı sədaqətlərini açıq şəkildə bildirən xüsusi səhabələr vardı. Sonralar imamı sükuta və hətta birinci xəlifələrlə əməkdaşlığa vadar edən böyük məsləhətə uyğun olaraq, onlar da ümumi proseslərdə yer aldılar, lakin heç zaman öz düzgün fikir və seçimlərini əldən verməyib həmişə Əli (ə) ardıcılı kimi qaldılar. Bu səbəbdən haqlı olaraq Əlinin (ə) şiəsi – ardıcılı, tərəfdarı adlandırıldılar və bu adla məşhurlaşdılar. Salman, Əbuzər, Übəy ibn Kəb, Miqdad, Əmmar və Hüzeyfə kimi məşhur və adlı-sanlı şəxsiyyətlər bu sırada yer alırdılar.

Tarixi faktlar göstərir ki, bu qrup Şiə düşüncəsini - yəni düşüncə və siyasi rəhbər kimi imama itaətin zəruriliyini həmişə münasib yollarla yayaraq tədricən çevrələrini genişləndirmişlər. Əlinin (ə) hakimiyyətini təmin etmək üçün bu iş zəruri sayılırdı.

Əmirəlmöminin (ə) hicrətin 35-ci ilində hakimiyyətə gələndə hakimiyyət və imamətə dair Şiə meyarlarını rəhbər tutub imamı həmin meyarlarla qəbul edən yalnız həmin qrup - yəni ötən 25 illik dövrdə imamın birbaşa və dolayısı ilə yetişdirdiyi şəxslər idilər. Xalqın əksəriyyətini təşkil edən digərləri də imamın rəhbərliyi altında yaşasalar və əməldə Şiə təfəkkürü istiqamətində hərəkət etsələr da, onları Şiə təşkilatına qoşan ideoloji və mənəvi bağlantıya malik deyildilər. İmamın tərəfdarları arasındakı bu ikitirəliyi nəzərə alsaq, ozamankı müsəlmanların - məsələn Əmmarın, Malik Əjdərin, Hücr ibn Ədinin, Səhl ibn Hüneyfin, Qeys ibn Sədin və digər tərəfdən Əbu Musa Əşərinin, Ziyadın, Səd ibn Əbi Vəqqasın fərqli rəftarlarını başa düşmək olar.

Qəbul etmək lazımdır ki, Şiə təşkilatının yaradılması üçün ilk addım həqiqətən İmam Həsənin (ə) bəzi böyük şəxslərlə görüşündə baş tutsa da, onun layihəsi bu görüşdən uzun müddət qabaq İmam Əli ibn Əbutalibin (ə) öz yaxın tərəfdarlarına müraciətlə proqnoz verdiyi sözdədir.

İmam Həsənin (ə) sülhündən sonra görülən çox mühüm iş Şiə düşüncəsini genişləndirmək, zalım Əməvi şahı tərəfindən təzyiqə məruz qalan bu qrupu nizama salmaq idi. Bu qrup indi Əməvi şahının zalım iqtidarı və məruz qaldığı təzyiq səbəbindən daha da fəallaşa bilərdi. Həmişə belədir: təzyiq və repressiya mütəşəkkil qüvvələri parçalamaq yerinə onların daha da bərkiməsinə və genişlənməsinə bais olur.

İmam Həsənin (ə) strategiyası və onun sülhünü qaçılmaz edən son səbəb bunlar idi: etimadlı və prinsipial Şiə qüvvələrini toplamaq, onları Əməvi hakimiyyətinin amansız antişiə əməliyyatlarından qorumaq, məhdud, lakin dərin dairədə əsl İslam təfəkkürünü yaymaq, potensial qüvvələri cəlb edib şiələrə qatmaq, münasib fürsət gözləmək və nəhayət, zamanında hərəkətə keçib cahil Bəni-Üməyyə quruluşunu dağıtmaq, İslam və Əli (ə) quruluşunu yenidən bərpa etmək.

İmam sülhdən sonra Kufədən Mədinəyə qayıdaraq bu şəhəri yenidən özünün ideoloji və siyasi bazasına çevirmişdi. Bu zaman Museyib ibn Nəcəbənin və Süleyman ibn Sürəd Xüzainin başçılıq etdiyi şiələr onun yanına gəlib təklif etdilər ki, hərbi qüvvələri bərpa edərək Kufəni ələ keçirsinlər və yenidən Şam qoşunlarına qarşı vuruşsunlar. İmam gələnlər arasından bu iki nəfəri seçib onlarla xüsusi görüş keçirdi, məzmunu haqda heç bir məlumat olmayan sözlərlə onları bu planın yanlışlığına qane etdi. Onlar öz yoldaşlarının yanına qayıdanda qısa və üstüörtülü sözlərlə başa saldılar ki, hərbi qiyam mövzusu bağlanmışdır və Kufəyə qayıdıb öz işləri ilə məşğul olmalıdırlar.

Bu tarixi məlumatlara əsaslanan görkəmli və müasir ərəb tarixçisi Taha Hüseyn Şiənin siyasi təşkilatının bünövrəsinin həmin gün həmin məclisdə qoyulduğunu söyləyir.

"Siz məni əldən verəndən sonra elə şeylər görəcəksiniz ki, özünüzə ölüm arzulayacaqsınız: ədalətsizlik, düşmənçilik, inhisarçılıq, Allahın haqqına qarşı saymazlıq və can qorxusu. Belə olduqda ilahi əlaqə ilə özünüzü ümumi şəkildə qorumalı və təfriqəyə getməməlisiniz. Müqaviməti, namazı, Allah zikrini və təqiyyəni rəhbər tutun. Bilin ki, bəndələrinin hər an bir rəngə düşməsindən Allahın acığı gəlir. Haqdan və haqlıdan vaz keçməyin; çünki bizim yerimizə digərini seçən hər bir kəs dünyanı əldən verər, bu dünyadan günahkar köçər".[1]

İmam Əlinin (ə) Əməvi dövrünün ən mühüm ağrılarını təsvir edən, təşkilatlanmaya və birliyə dair fərman sayılan bu sözləri Şiə təşkilatına aid ən mühüm sənədlərdəndir. İmam Həsənin (ə) ən görkəmli şiələrdən ikisi ilə görüşündə icrasına başlanan da bu layihədir. Şübhəsiz ki, bütün şiələr çox ağıllı şəkildə düşünülmüş bu plandan xəbərdar deyildilər. Bəzi dostların etiraz və iradlarının səbəbi də bu idi. Amma imamdan güman ki, dəfələrlə eşidilən bir cümlədə həmin siyasətə gizli işarə vurulmuşdur: "Bəlkə bu sizin üçün imtahan və müəyyən vaxta qədər möhlətdir".

Müaviyənin iyirmiillik zalım hakimiyyəti zamanı Şiə düşüncəsinin inkişafını, Hicaz və İraqda şiələrin sayının artmasını təmin edən yeganə amil belə təşkilatlanma idi. Tarixçilər həmin dövrdə bütün müsəlman məmlkətində antişiə təbliğatının aparılmasına dair acınacaqlı məlumatlar yazmışlar. İmam Əlinin (ə) lənətlənməsinin ənənəyə çevrilməsi, İmam Həsən (ə) və İmam Hüseyn (ə) tərəfindən açıq fəaliyyətin müşahidə olunmaması bu dövrə aiddir.

Sülhdən iyirmi il sonra bu bölgələrin düşüncə vəziyyətinə nəzər salaq. Kufədə şiələr ən məşhur şəxsiyyətlərdir. Məkkədə, Mədinədə, hətta bəzi ucqar yerlərdə də şiələr zəncir halqaları kimi bir-birinə bağlanmış və bir-birindən xəbərdardırlar. Bir neçə ildən sonra Şiə başçılarından olan Hücr ibn Ədi qətlə yetiriləndə güclü repressiyaya baxmayaraq ölkənin bir neçə yerində etirazlar ucalır və məşhur bir şəxsiyyət Xorasanda qəzəbli etirazların ardınca qəm-qüssədən vəfat edir.[2]  Müaviyənin ölümündən sonra minlərlə insan İmam Hüseynə (ə) məktub yazıb qiyam üçün Kufəyə dəvət edir. İmamın şəhadətindən sonra on minlərlə insan qisasçılar qrupuna qoşulur, Təvvabin hadisəsində, yaxud Muxtarın və İbrahim ibn Malikin qoşununda Əməvi hakimiyyətinə qarşı qiyam edir.

İslam tarixinin tədqiqatçısı özündən soruşur: Şiə təfəkkürünün və Şiə təmayüllərinin bu həddə genişlənməsi vahid və yekdil Şiə qrupu - yəni İmam Həsənin (ə) sülhdən dərhal sonra proqnoz verdiyi təşkilat tərəfindən mütəşəkkil və düşünülmüş fəaliyyət olmadan mümkün olardımı?! Şübhəsiz ki, cavab mənfidir. Mütəşəkkil, yekdil və təbii ki, məxfi bir qrup tərəfindən idarə olunan məqsədyönlü təbliğat aparılmadan hakim Əməvi rejiminin yüzlərlə qazi, qiraətçi, natiq və vali vasitəsi ilə apardığı məqsədyönlü təbliğatına cavab vermək və bəzi hallarda onu zərərsizləşdirmək mümkün olmazdı.

Müaviyənin ölümünə yaxın bu mütəşəkkil fəaliyyət güclənmiş və sürətlənmişdi. Belə ki, Mədinənin hakimi imamın fəaliyyətləri haqda topladığı məlumatlara əsasən Müaviyəyə yazdı: "Ömər ibn Osman İraqın və Hicazın bəzi tanınmış adamlarının Hüseynin (ə) yanına get-gəl etdiklərini və güman ki, qiyama hazırlaşdıqlarını xəbər verdi. Mən bunu araşdırdım və onların kütləvi etiraz niyyətlərinin olduğunu öyrəndim. Öz fikrini və fərmanın yaz".[3] Kərbəla hadisəsindən və imamın şəhadətindən sonra şiələrin mütəşəkkil fəaliyyəti İraqda qat-qat artıq gücləndi və nizama düşdü. Kufə şiələrinin çoxu hakimiyyətin təzyiqi altında çaş-baş qalaraq özlərini Aşura döyüşünə çatdıra bilməmişdilər. Bu, həmin şiələrin psixoloji vəziyyətinin yaratdığı durum idi, onların təəssüf və kədərləri buna xüsusi rəng qatırdı.

Məşhur tarixçi Təbəri yazır: "Bu qrup daim silah toplamaqla, hərbi hazırlıqla, şiələri və qeyri-şiələri gizli şəkildə Hüseynin (ə) intiqamını almağa çağırmaqla məşğul idi. İnsanlar dəstə-dəstə onlara qatılırdı. Bu proses gedərkən Yezid ibn Müaviyə öldü".[4]

"Cihad əş-Şiə" kitabının müəllifi haqlı olaraq yazır: "Şiə cəmiyyəti Hüseynin (ə) şəhadətindən sonra siyasi məqsədlərin və dini etiqadların birləşdirdiyi, rəhbərlərin və döyüşçü qüvvələrin toplandığı mütəşəkkil bir qrupa çevrildi. Təvvabin qrupu onların ilk timsalı idi.[5]

Tarixi hadisələrdən, həmçinin tarixçilərin fikirlərindən başa düşmək olar ki, Müaviyənin dövründə, eləcə də İmam Hüseynin (ə) şəhadətindən sonra baş verən hadisələrdə yeganə təşəbbüsçü və rəhbər şiələr olmuşdur. Digər maraqlara, Əməvi hakimiyyətindən narazılıqlarına, yaxud başqa amillərə görə əməldə şiələrlə əlbir olan, döyüşlərdə iştirak edənlər də çox idi. Tarixin bu dönəminin müxtəlif hadisələrində iştirak edən, fəal, yaxud adi rol oynayan bütün şəxslərin şiə - yəni imamların yaratdığı mütəşəkkil qrupun üzvü olduqlarını söyləmək olmaz.

Yuxarıda deyilənlərdən sonra üzərində dayanmaq istədiyim məqam budur ki, İmam Hüseynin (ə) şəhadətindən sonraya qədər şiə adı İmam Əlinin (ə) dövründə olduğu kimi yalnız düşüncə və əməl baxımından həqiqi imamla güclü və bəlli əlaqəyə sahib olanlara şamil edilirdi. İmam Həsənin (ə) sülhündən sonra onun fərmanı ilə mütəşəkkil Şiə təşkilatını yaradan, özlərinin güclü və geniş təbliğatları ilə düşüncə və ideologiya baxımından özləri kimi olmayan çoxlarını Şiə təşkilatına və hadisələrinə çəkən bu qrup idi. Bu söhbətin əvvəlində İmam Sadiqdən (ə) bir hədis söylədim ki, möminlər üç, yaxud beş nəfərdən ibarət idi. Burada məqsəd həmin qrupdur - yəni şiələr, imamların yaxın ətrafı, Əli (ə) və Haşim övladlarının inqilablarının dinamik hərəkətində məqsədli və həlledici rol oynayan şəxslər.

İmam Səccadın (ə) gizli və zahirən sakit görünən fəaliyyəti nəticəsində bu qrup öz potensial kadrlarını tapdı, hərəkətə gətirdi, artırdı və İmam Sadiqin (ə) indi işarə vurduğum rəvayətdə söylədiyi kimi xalq onlara qoşuldu və çoxaldılar. İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə bu qrupun şübhəli hərəkəti xilafət başçılarını qorxudur və bəzən sərt reaksiyalara vadar edirdi.

Qısası budur ki, İslamın ilk əsrlərində, imamların dövründə şiə və qeyri-şiələrə görə şiə adı yalnız qəlbində Peyğəmbər (s) ailəsini sevən, yaxud mərkəzində imamların durduğu fəaliyyətlərdə iştirak etməsə belə, onların haqlı olmasına və dəvətlərinin doğruluğuna sadəcə inanan şəxsə şamil olmurdu. Şiə olmağın bunlardan əlavə mühüm və zəruri bir şərti vardı və o, imamla düşüncə və əməl əlaqəsi, qəsb olunmuş haqqı geri qaytarmaq, Əli (ə) və İslam quruluşu qurmaq üçün imamın təşəbbüsü və rəhbərliyi ilə aparılan ideoloji, siyasi və bəzən hərbi fəaliyyətlərdə iştirak etməkdir. Bu əlaqə Şiə ədəbiyyatında vilayət adlanır. Şiə sözü əslində imamət təşkilatı, imamın rəhbərliyi ilə müəyyən fəaliyyətlər göstərən və repressiya dövründə bütün narazı partiya və təşkilatlar kimi məxfi şəraitdə yaşayan qrupun adı idi. Bu, imamların, xüsusən də İmam Sadiqin (ə) həyatına dəqiq bir baxışın xülasəsidir. Qeyd etdiyim kimi, bunu isbat etmək üçün açıq dəlillər gözləmək olmaz. Çünki gizli bir obyekti tapmaq üçün plakat axtarmazlar. Baxmayaraq ki, qəti fakt olmadan onu qəbul etmək də düzgün deyil. Odur ki, tarixi məlumatları, fakt və işarələri araşdırmaq lazımdır. (Sadiq rəhbər, səh. 97-107)

 

On dördüncü fəsil: İmam Kazim (ə)

Həzrət Əbülhəsən Musa ibn Cəfərin (ə) 148-ci ildən 183-cü ilə qədər sürən 35 illik imamət çağı imamların həyatının ən mühüm dövrlərindən biridir. Ən qüdrətli Bəni-Abbas xəlifələrinin ikisi - Mənsur və Harun və onların iki ən zalım şahı olan Mehdi və Hadi bu dövrdə hakimiyyətdə olmuşlar. Xorasanda, Afriqiyyədə, Mosulda, Deyləmdə, Qorqanda, Şamda, Nəsibeyndə, Misirdə, Azərbaycanda və digər yerlərdə çoxlu qiyamlar yatırıldı, böyük İslam məmləkətinin şərq, qərb və şimal sərhədlərində əldə edilən yeni zəfərlər və çoxlu qənimətlər Abbasilərin taxtını daha da möhkəmlətdi.

Bu dövrdə ideoloji və etiqadi məktəblərin bəzisi çox inkişaf etmiş, bəzisi yeni yaranmışdı; düşüncə mühiti ziddiyyətə köklənmiş, hakimlərin əlində bir silaha, xalqın dini və siyasi sayıqlığına isə təhlükəyə çevrilmişdi. Əsl İslam təlimlərinin öndərlərinə və Əli (ə) dəvətinin aparıcılarına ağır şərait yaranmışdı.

Şeir, incəsənət, fiqh, hədis, hətta zahidlik və təqva da hakim qüvvələrin xidmətində duraraq onların sərvət və güc vasitələrini tamamlayırdı. Bu zaman xilafəti nə Bəni-Üməyyə dövrünün sonlarındakı, nə Bəni-Abbas dövrünün ilk on ilindəki, nə də Harunun ölümündən sonrakı dövrdə olduğu kimi ciddi bir təhlükə təhdid etmir, xəlifənin diqqətini dərin və davamlı Əhli-beyt dəvətindən yayındırmırdı.

Bu dövrdə Əhli-beytin və onların sadiq tərəfdarlarının mübarizəsinə, ideoloji və siyasi hərəkətinə inkişaf və davam imkanı verəcək yeganə amil onların yorulmaz fəaliyyəti, təhlükəli mübarizəsi və ilahi üsul olan təqiyyədən istifadə idi. Həzrət Musa ibn Cəfərin (ə) mübarizəsinin heyrətamiz və fövqəladə böyüklüyü də bunda idi.

Qeyd etməliyəm ki, İslam tarixçiləri İmam Musa ibn Cəfərin (ə) həyatını araşdırarkən bu böyük imamın uzunmüddətli həbsindən ibarət olan böyük və misilsiz hadisəyə lazımi diqqət ayırmamış və nəticədə onun mühüm mübarizəsindən xəbərsiz qalmışlar.

35 illik imamlığının hamısını əhatə edən davamlı mübarizə amilinə diqqət yetirmədən bu uca imamın həyatını araşdırmaq, bir-biri ilə əlaqədar olmayan müxtəlif hadisələr haqda fikir bildirmək, onun elmi və mənəvi məqamını incələmək, ailəsi, səhabələri, şagirdləri, elmi-etiqadi mübahisələri və digər məsələlər haqda danışmaq yarımçıq və natamam olar. Bu amili aydınlaşdırandan sonra bu səmərəli həyatın bütün hissələri bir-birinə bağlanır, hər bir məsələnin, hadisənin və hərəkətin mənalandığı aydın, kamil və istiqamətli bir təsvir ortaya çıxır.

Nə üçün həzrət İmam Sadiq (ə) Müfəzzələ buyurur ki, bu gəncin imamlığını yalnız etimadlı şəxslərə de? O, nə üçün Əbdürrəhman ibn Həccaca açıq söyləmədən işarə ilə deyir ki, zireh onun əyninədir; Səfvan Cəmmal kimi yaxın səhabələrə də onu əlamətlə tanıtdırır? Nə üçün öz vəsiyyətnaməsində canişin kimi övladının adını birinci Mənsur Abbasi, sonra Mədinənin hakimi, sonra isə iki qadının adının qeyd olunduğu dörd nəfərdən sonra çəkir? Belə ki, o həzrətin vəfatından sonra bəzi böyük şiələr bu 20 yaşlı gəncin onun canişini olmasını bilmirlər. Nə üçün "bir məmləkətdə iki xəlifəyə xərac gətirirlər"[6] deyən Harunla yumşaq danışır və bunu inkar edir, amma Həsən ibn Abdullah adlı nüfuzlu və zahid bir kişiyə müraciətlə imamı tanımaqdan danışır, özünün itaəti vacib buyurulan imam olduğunu bildirir?

Nə üçün Harunun sarayında yüksək vəzifə tutan və imamın müridlərindən olan Əli ibn Yəqtinə təqiyyə etməyi əmr edir, Səfvan Cəmmalı isə rejimə xidmət etdiyinə görə qınayır və xəlifə ilə əlaqəsini kəsməyə çağırır? Böyük İslam dünyasında öz dost və tərəfdarları arasında necə və hansı vasitə ilə bu qədər güclü əlaqə qurur və Çinə qədər uzanan bir şəbəkə yaradır?

Nə üçün Mənsur, Mehdi, Harun və Hadi öz dövrlərində onu öldürməyə, həbs etməyə və sürgünə yollamağa təşəbbüs götərirlər? Nə üçün o həzrət 35 illik imamlığının bir hissəsini - bəzi rəvayətlərdən anlaşıldığı kimi - məxfi şəkildə keçirərək Şamın kəndlərində, yaxud Təbəristanın bəzi bölgələrində gizlənir, dövrün xəlifəsi tərəfindən təqib olunur və öz tərəfdarlarına deyir ki, xəlifə mənim haqqımda soruşanda məni tanımadığınızı və harada olduğumu bilmədiyinizi söyləyin?

Nə üçün Harun həcc səfərində o həzrətə çox hörmət edir, başqa bir səfərdə isə sürgünə yollanmasını əmr edir? Nə üçün o həzrət əvvəldə mülayim davranıb Ələviləri həbsdən azad edən Harunun xilafətinin əvvəllərində Fədəyi bütün İslam dünyasına şamil edir və xəlifə etirazla deyir ki, onda qalx, gəl mənim yerimdə otur? Və nə üçün həmin mülayim xəlifənin rəftarı bir neçə ildən sonra elə sərtləşir ki, o həzrəti ağır rejimli zindana salır və illərlə həbsdə saxladıqdan sonra buna da dözməyərək cinayətkarcasına zəhərləyib şəhid edir?

Bunlar və İmam Musa ibn Cəfərin (ə) həyatında ilk baxışdan bir-biri ilə əlaqəsiz və bəzən ziddiyyətli görünən yüzlərlə mühüm hadisə o zaman əsl mənasını tapar ki, biz o həzrətin imamlığından şəhidliyinə qədər davam etmiş əsas xətti görək. Bu, imamların 250 illik çağın hamısında müxtəlif formalarda davam edən cihad və mübarizə xəttidir. Bunda məqsəd əvvəla əsl İslamı açıqlamaq, Quranı düzgün təfsir etmək və İslam etiqadlarına dair aydın təsəvvür yaratmaq, ikincisi İslam cəmiyyətində imamət və siyasi hakimiyyət məsələsini başa salmaq, üçüncüsü isə uyğun cəmiyyəti qurmaq, böyük İslam peyğəmbərinin və bütün peyğəmbərlərin ədaləti bərqərar etməkdən, Allaha şərik çıxanları hakimiyyətdən uzaqlaşdırmaqdan və cəmiyyəti Allahın xəlifələrinə, saleh bəndələrinə tapşırmaqdan ibarət olan məqsədini həyata keçirməyə çalışmaqdır.

İmam Musa ibn Cəfər (ə) bütün həyatını bu müqəddəs cihada həsr etmişdi. Onun dərsi, təlimi, fiqhi, hədisi, təqiyyəsi və tərbiyəsi bu istiqamətdə idi. Təbii ki, onun dövrünün öz özəllikləri vardı, cihadı da zamana uyğun idi. İmam Səccadın (ə) dövründən İmam Əsgəriyə (ə) qədər səkkiz imamın hər birinin, yaxud hər bir neçəsinin dövr və mübarizələrində özəl xüsusiyyətləri olmuşdur. Onların həyatı ümumilikdə 250 illik həyatın müxtəlif mərhələlərə bölünən dördüncü dövrünü təşkil edir.



[1]"Tühəf əl-üqul", səh. 82

[2]Razi Ali-Yasin, İmam Həsənin (ə) sülhü.

[3]Məlumat "əl-Əxbar ət-tival" kitabında qeyd olunmuşdur.

[4]Təbəri, c. 7

[5]"Cihad əş-Şiə", səh. 27

[6]Təbrisi. "Əl-İhticac", c. 2, səh. 389

 

Google+ WhatsApp ok.ru