Gürcüstan parlamentində azərbaycanlı deputatlar erməni soyqırımının gündəmə gətirilməsinə etiraz ediblər

Bu gün Gürcüstan parlamentinin "Gürcü Arzusu"ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat partiyasının üzvü olan Azər Süleymanov parlamentin iclasında öz etirazlarını bildiriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar deputat Samvel Petrosyanın “erməni soyqırımı”na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar.
M. Dərziyev APA-ya açıqlamasında məsələ ilə bağlı çıxış etdiklərini bildirib: "Erməni soyqırımı”nın tanınması məsələsi dəfələrdə Gürcüstan parlamentində qaldırılıb, lakin həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq".
M. Dərziyev qeyd edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: “Erməni soyqırımı” ilə bağlı ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən “soyqırımı”nın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım”./
 

Google+ WhatsApp ok.ru