Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası - Fotolar

Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında aksiyası keçirib. QAT sədri Akif Nağı aksiyanın başlamsına 1 saat qalmış Nərimanov polis idarəsinə aparılıb. İdarənin rəisi İsmayıl Əsədov onunla söhbət edib, aksiyanın icazəsiz olduğunu nəzərinə çatdırıb, aksiyanın yolverilməz olduğunu bildirib.
Akif Nağının saxlanılmasına baxmayaraq QAT üzvləri aksiyanı başlayıblar. Polis qüvvələri aksiya iştirakçılarının qarşısını səfirliyin yaxınlığında kəsiblər. Aksiya iştirakçıları “Turqay Mikayılovu erməni əsirliyindən qaytarın!”, “Azərbaycan- Gürcüstan dostluğuna qarşı erməni təxribatlarına son qoyun!”, “Azərbaycanlılara qarşı erməni təxribatlarını dayandırın!”, “Ermənilərin Gütcüstanda 2-ci Qarabağ müharibəsi açmasına imkan verməyin!” yazılmış plakatları, Azərbaycan bayraqlarını qaldırıblar, şüarları səsləndiriblər. Aksiya iştirakçılarından SevincAxundova aksiyanın qətnaməsini oxuyub. Səfir  Teymuraz Şaraşenidze aksiya iştirakçılarından Fəridə Əsgərova və Nəsib Cəfərovu qəbul edib. Onlar aksiyanın qətnaməsini səfirə təqdim ediblər. QAT nümayəndələri söhbətin gedişində səfirin diqqətinə üç əsas məsələni çatdırıblar:
1. Azərbaycan əsilli Gürcüstan vətəndaşı Turqay Mikayılovun erməni əsirliyindən azad olunması üçün təsirli tədbirlər görülməlidir.
2. Ermənistan- Gürcüstan sərhəddindəki erməni təxribatlarına, ermənilərin azərbaycanlıların yaşadıqları torpaqları zəbt etmək hərəkətlərinin qarşısı alınmalıdır.
3. Azərbaycanın bir sıra ictimai-siyasi xadimlərinin, o cümlədən Akif Nağı, Zəlimxan Məmmədəli və digərlərinin Gürcüstana buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
Səfir qoyulan məsələlərə diqqətlə yanaşdıqlarını və nəzərə alacaqlarını bildirib. Səfirə təqdim olunan aksiya qətnaməsində göstərilir: Biz həmişə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin, xoş münasibətlərin olmasını istəmiş, bu istiqamətdə çalışmış və bundan sonra da çalışacağıq. Təəssüf ki, regionda məkrli siyasəti ilə seçilən, qonşu ölkələrin hamısına qarşı əsassız iddialarla çıxış edən, regionun stabilliyi və inkişafı üçün daimi təhlükə mənbəyinə çevrilən işğalçı və terrorçu Ermənistan rejimi Azərbaycanla Gürcüstanın münasibətlərinə də kölgə salmağa, gərginlik yaratmağa çalışır.
Bu baxımdan baş vermış bir sıra hadisələr ciddi narahatlığa səbəb olur. Son illərdə ermənilərin Gürcüstan-Ermənistan sərhədləri yaxınlığında azərbaycanlıları girov götürməsi, əsirlikdə saxlaması, hətta öldürməsi ilə bağlı hadisələr baş verib. Son olaraq Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı Turqay Mikayılov Ermənistan sərhədçiləri tərəfindən tutulub, hazırda qeyri-müəyyən şəraitdə saxlanılır. Ermənistan bu hərəkəti ilə Azərbaycana və azərbaycanlılara qarşı düşmənçiliyini nümayiş etdirir. O, artıq 20 gündən çoxdur ki, girovluqda saxlanılır. Ona hansı işgəncələrin verildiyini təsəvvür etmək çətin deyil. Gürcüstan hüquq-mühafizə orqanlarının bu qədər ləng hərəkət etməsi bizim üçün aydın deyil. Gürcü əsilli Gürcüstan vətəndaşının erməni əsirliyində bu qədər qalmasına yəqin ki, razılıq verməzdiniz. Biz dost Gürcüstan dövlətinin daxili işlərinə qarışmaq istəmirik. Amma dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlının taleyi bizim üçün vacibdir, onlara qarşı haqsızlıqları qəbul edə bilmərik. Həm də Gürcüstanda yaşayan hər bir azərbaycanlının firavanlığı, hüquqlarının qorunması bütövlükdə Azərbaycan-Gürcüstan münasibətlərinə müsbət təsir göstərir.
Bizi narahat edən digər məsələ Ermənistan rejiminin Gürcüstanla sərhəd boyunca azərbaycanlıların toplum halda yaşadıqları əraziləri zəbt etmək cəhdləridir. Xuludərə, Təzəkənd, Sadaxlı, Burma, Təkəli və digər yaşayış məntəqələri istiqamətində ermənilər artıq hərəkətə keçib, öz niyyətlərinə nail olmağa çalışır, həmin əraziləri zəbt edir, azərbaycanlıları oralardan sıxışdırıb çıxarır, heyvanlarını, digər əmlaklarını oğurlayıb aparırlar. Ermənilərin bu “sürünən” işğalçılıq hərəkətlərinin qarşısı dərhal alınmalıdır. Ermənistanın Gürcüstanda ikinci Qarabağ müharibəsini başlamaq cəhdləri aydın şəkildə görünür. Bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesləri daha da çətinləşdirə bilər.
Biz bir daha bu hadisələrlə bağlı narahatlığımızı bildirir və hesab edirik ki, Gürcüstan hökuməti bu təhlükəli proseslərin qarşısını almaq üçün təcili və təsirli tədbirlər görməlidir.
 
 
 




 

Google+ WhatsApp ok.ru