Görkəmli islam alimi Seyyid Əli Hüseyni Sistanin 84 yaşı tamam olur

İslam dinində Cəfərilik əqidəsinin liderlərindən biri, mərkəzi Nəcəfdə olan "Əhli Beyt" elmi müəssisəsinin rəhbəri ayətullah əl-üzma Seyyid Əli Hüseyni Sistanin 84 yaşı tamam olur.
 
SalamNews-un məlumatına görə, Seyyid Əli Hüseyni Sistani miladi təqvimlə 1930-cu ildə (Hicri 1349 -cu ilin rəbiül-əvvəl ayında) İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlib.
 
İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alıb. Ali dərəcədə üsul, fiqh, əqli elmlər və ilahiyyat elmlərini Mühəqqiq Mirzə Mehdi İsfahani və digər alimlərdən alıb. 1948-49-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçüb. Burada o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyyid Hüseyn Bürucərdi müxtəlif din fənlərini mənimsəyib. Sonra elmini daha da təkmilləşdirmək məqsədi ilə İraqın Nəcəf şəhərinə köçüb. Burada müxtəlif elmi müəssisələrdə o dövrün məşhur alimlərindən olan Ayətullah əl-Üzma Seyyid Xoyidən, Ayətullah əl-Üzma Seyyid Həkimdən, Ayətullah əl-Üzma Şeyx Hüseyn Hillidən dərs alıb.
 
Sistani 30 il ali səviyyədə fiqh, üsul və rical elminin tədrisi ilə məşğul olub. Verdiyi dərs mövzularının çoxu kitab halında çap edilib.
 
Böyük əqidə və nüfuz sahibi ayətullah əl-üzma Seyyid Əli Hüseyni Sistaninin rəhbəri olduğu "Əhli Beyt" elmi müəssisəsinin dünyanın bir çox ölkələrində nümayəndəliyi fəaliyyət göstərir. Təsadüfi deyil ki, dünya siyasətində onun dünyagörüşü və rəyi də nəzərə alınır.
 
Keçən ayın 24-də İraqda rəsmi səfərdə olan BMT Baş katibi Pan Gi Mun Bağdaddan sonra Nəcəfə gedərək İraq və bölgə məsələlərini islam alimi ilə müzakirə edib. Bu görüşdən bir neçə gün əvvəl isə
 
Baş katib Ayətullah Sistaniyə məktub göndərərək İraqdakı hadisələrlə bağlı nümayiş etdirdiyi hümanist mövqeyini və onun məzhəbçiliyə qarşı atdığı addımları yüksək qiymətləndirmişdi.
 
Xatırladaq ki, Əhli-Beyt alimi ayətullah Sistani İraqa gələn ABŞ, Avropa, ərəb ölkələri rəsmilərini, hətta İranın sabiq prezidenti Mahmud Əhmədinejadı belə qəbul etməməsi onun müstəqil mövqe sahibi olduğunu əks etdirir.
 
Ekspertlərin rəyi isə belədir ki, İraqda ayətullah Sistaninin dəstək verdiyi hər hansı bir siyasi cinahın qələbəsi realdır.
 

Google+ WhatsApp ok.ru