Göyçayda jurnalist həbs edilib

Göyçayda jurnalist həbs edilib

Oktyabrın 8-də Göyçay rayonunda (Bakıdan 216 kilometr qərb) fəaliyyət göstərən hefteaz.info saytının baş redaktoru Aqil Mahmudov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay Gülalıyev bidiirib.

Hüquq müdafiəçisi jurnalistin həbsinin tənqidi və ifşaedici məqalələri, facebook üzərindən yaydığı statusları ilə bağlı olduğunu bildirib.

"Aqil Mahmudovu 2017-ci ildə Göyçay rayon icra hakimiyyəti başçısı Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Bir neçə məhkəmə iclasından sonra icra başçısı iddiasını geri götürdü. Buna baxmayaraq Aqil Mahmudov tənqidi məqalələr yazmaqda davam edirdi. Facebook üzərindən kəskin tənqidi, ifşaedici statuslar paylaşırdı. Son günlər isə Göyçay rayonunda çinar ağaclarının qorunması məqsədi ilə "Çinarları müdafiə edək" adı altında kampaniyaya başlamışdı", Gülaıyev qeyd edib.

Rəsmi qurumlar, jurnalsitin həbsi ilə bağlı hələ məlumat yaymayıb. Rəsmi Bakı ölkədə insanların fikir və çıxışlarına görə təqib olunmadığını bildirir. Ölkə rəhbərləri bütün fundamental hüquqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir. /contact.az /

 

Google+ WhatsApp ok.ru