Göyçayın Bığır kəndi ilanların hücumuna məruz qalıb

Göyçayın Bığır kəndi ilanların hücumuna məruz qalıb

Göyçay rayonunda sürü halında ilanlar aşkarlanıb.
 
Bığır kəndində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Kəmalə Əhmədovanın mənzilində aşkarlanan ilanlar ailə üzvlərini sancmasa da, onlar neçə gündür ki, qorxu içində yaşayır.
 
Ailə üzvləri ilanların 5-ni öldürə bilsələr də, digər ilanların gizləndiyini deyir. İsti havalarda həyətyanı sahədə daha çox ilana rast gəldiklərini deyən Kəmalə Əhmədova, gecələr qorxudan yata bilmədiklərini bildirib. O, hər il yaşadıqları evin həyətindən 50-dən çox ilan öldürdüklərini bildirib.
 
Məlumata görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarası üçün örüş sahəsidir.
 
Evə girən ilanların uzunluğu bir metrdən çoxdur.
 
Göyçay rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev yay ayları Bığır kəndi ərazisində ara-sıra ilanların göründüyünü, lakin bu vaxtlarda zəhərli sürünənlərə kütləvi şəkildə rast gəlmədiklərini deyib: “İlanların hücumuna məruz qalan ailə bizə müraciət edib. Mütəxəssislər əraziyə baxış keçirəcək, evin və həyətyanı sahənin dərmanlanması işi aparılacaq. İlanların kəndə gəlməsinin qarşısını almaq üçün xüsusi iyə malik olan dərman preparatı ilə ərazi dezinfeksiya olunur. Dərmanın iyinə görə ilanlar evlərə, mal-qara tövləsinə yaxınlaşmır”. (apa) /

Google+ WhatsApp ok.ru