Gözdən düşən bank sistemi

Gözdən düşən bank sistemi

-- Azərbaycan banklarının çoxu hazırda kredit vermək gücündə deyil

"Exo" qəzetində isə "Azərbaycanda bankların çoxu hazırda kredit verə bilmir"  sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bankların kredit verə bilməməsi problemini ekspert Əkrəm Həsənovla müzakirəyə çıxarır.
 
"Azərbaycan banklarının çoxu hazırda kredit vermək gücündə deyil, ona görə ki, əmanətlərin banklardan götürülməsi prosesi davam edir, əmanət qoyanların sayı azalır, bank sisteminə etimadsılzıq isə hələ də qalır. Elə də böyük pul ehtiyatına malik olmayan bəzi banklar kredit almaq istəyənləri diqqətlə nəzərdən keçirir". Ekspert Ə.Həsənov ölkənin bank sistemindəki mövcud durumu qəzetə belə şərh edir.
 
Ekspert deyir ki, bankları nəticə etibarilə götürülən kreditlərin qaytarılması marqalandırır, bu mənada zahirən sahibkarlara kredit verməkdə maraqlı görünürlər, amma qeyri-sabit iqtisadi durum biznesə də təsirsiz ötüşməyib: "Belə şəraitdə iş adamlarının da gəlirləri güclü şəkildə azalıb, onların bəziləri kredit borclarını qaytarmaq gücündə deyillər. Ona görə də hazırda bir neçə bank borc götürəni ciddi "tanıdıqdan" sonra kredit verir".
 
Ə.Həsənov deyir ki, ölkədə verilən kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət olmaması, bir çoxlarının manatla götürülən kreditə dollar alması kimi problem yaşanır.
 
Ekspert hesab edir ki, elə bu fonda da problemli kreditlər artmaqda davam edir: "Prinsip etibarı ilə problemli kreditlərin artması bu ildən başlamayıb, banklar üzrə daha təfərrüatlı hesabatlar tələb edildikdən sonra ölkədə bank sisteminin problemləri üzə çıxıb".
 
Ə.Həsənov bildirir ki, hazırda Azərbaycan banklarının əsas əmanətçiləri büdcə təşkilatları, bir də öz əməkdaşlarına əmək haqlarını nağdsız formada ödəyə bilmək üçün pullarını banklarda saxlamağa məcbur olan özəl şirkətlərdir.
 
Ekspert deyir ki, banklarda fiziki şəxslərin əmanət payı son illərdə olduqca azalıb, banklar isə hər bir fiziki pay sahibi olan müşətirini əmanətçisi olaraq saxlaya bilmək üçün mübarizə aparır.
 
Ə.Həsənova görə, bu, vətəndaşın bütün pul vəsaitlərini banka qoyması anlamına gəlməz, belə ki, banklara vəsaitin bir hissəsi qoyulub, qalan hissə isə "balış altındadır", həm də fiziki əmanətçilər əmanətləri banklara uzun müddətə deyil, ən uzağı 6 ay müddətinə qoyurlar.
 
Ekspertə görə, bunun səbəbi odur ki, Azərbaycan bank sistemi özünü gözdən salıb, imicini bərpa edə bilmək üçünsə hər hansı tədbir görə bilmir.
 

Google+ WhatsApp ok.ru