GÜNAHIN KİÇİKLİYİNƏ YOX, İTAƏTİNDƏN ÇIXDIĞIN KƏSİN ƏZƏMƏTİNƏ BAX!

GÜNAHIN KİÇİKLİYİNƏ YOX, İTAƏTİNDƏN ÇIXDIĞIN KƏSİN ƏZƏMƏTİNƏ BAX!

-- Günaha üç yöndən baxmaq olar

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:

يا اَباذَرٍّ؛ لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَ لكِنِ انْظُرْ إِلى مَنْ عَصَيْتَ

Ey Əbuzər! Günahın kiçikliyinə baxma; itaətindən çıxıb göstərişləri ilə müxalifət etdiyin kəsin əzəmət böyüklüyünü nəzərə al!” (“Müstədrəkül-vəsail”, 11-ci cild, səh.329.)

Günaha üç yöndən baxmaq olar:

1. Böyük və kiçikliyi cəhətindən;

2. Onu törətmiş kəsi nəzərə almaq cəhətindən;

3. İtaətindən çıxdığın kəsi nəzərdə tutmaq cəhətindən.

Quranda və hədislərdə günahlar iki qrupa ayrılır:

1. Böyük (kəbirə) günahlar;

2. Kiçik (səğirə) günahlar.

Bu günahların hər birinin öz növbəsində xüsusi hökmü və cəzası vardır. Bu barədə Quranda buyururlur:

يا وَيْلَتَنا مَالِ هَذا الْكِتابِ لا يُغادِرُ صَغيرَةً وَ لا كَبيرَةً اِلّا أَحْصها

Bir qrup insanın əməl dəftəri onlara verilərkən belə deyəcəklər: “Vay olsun bizə! Bu necə dəftərdir ki, bizim heç bir böyük kiçik günahımız nəzərdən qaçırılmadan hamısı yazılıb qeydə alınmışdır. (“Kəhf” surəsi, ayə 49.)

Günahların iki qrupa bölünməsinin səbəbi budur ki, kəbirə günahlardan fərqli olaraq, səğirə günahlar üçün əzab vəd olunmayıb. Lakin buna baxmayaraq, bəzi səğirə günahlar da vardır ki, onlar üçün müəyyən cəza tədbiri göstərilmişdir.

Bunu da demək yerinə düşərdi ki, mümkündür, bir adam öz nəzərində kiçik bildiyi bir günaha batsın. Lakin həmin şəxs unutmamalıdır ki, kiçik günahın təkrarı və günahı kiçik hesab etməyin özü böyük günahlardan sayılır və onun davamı və təkrarı insanı digər günah işlərə də təhrik edir. İkincisi, günahı kimin hüzurunda törətdiyini və kimin əmrindən boyun qaçırdığını yaddan çıxarmamalıdır.

Hədisdə əsas diqqət ikinci misalda qeyd olunan məsələyə yönəldilir. İnsan təkcə günahın kiçikliyinə baxmamalıdır. Eyni zamanda qarşısında günah etdiyi, əmrindən çıxdığı kəsi də nəzərə almalıdır. Bəzən bir iş öz-özlüyündə kiçik nəzərə çarpır, lakin böyük şəxslə aidiyyəti olması səbəbinə görə böyük sayıla bilər.

Belə təsəvvür edin ki, məsum imamın hüzurundasınız və imam sizə kiçik bir iş buyurur. Məsələn deyir: “Bir az su gətir.” Lakin siz özlüyünüzdə təsəvvür edirsiniz ki, bu elə də vacib bir iş deyil və bu təsəvvürlə də itaətdən boyun qaçırırsınız. Sizcə belə təsəvvür nə qədər məntiqidir? Ədəb-ərkan bizə bunumu deyir? Belə müxalifət bəyənilirmi? Heç vaxt belə ola bilməz. Çünki işin kiçik olmasına baxmayaraq, işi buyuran kəs böyükdür. Kiçik iş böyük şəxsi nəzərdə tutmaqla, əzəmət tapır. İndi bu misalı Allahın müqəddəs zatı ilə müqayisə edin. Hərçənd, Allahla müxalifətçilik, imamla olan müxalifətçiliklə müqayisə edilə bilməz. Müxalifətçiliyin dərəcəsini əmr edənin əzəmətinin dərəcəsi ilə ölçməliyik.

Günahın belə təhlili insanda şeytanla müxalifətdə güclü müqavimət hissi yarada bilər və “nəfsi-əmmarə”nin hər cür bəhanələrinə son qoya bilər. Hərdən olur ki, insanın dostu ondan bir şey xahiş edir. Mümkündür, onun xahişini qəbul etməsin və “Sənin məndən bunu xahiş etməyə və ya mənə hansısa iş buyurmağa haqqın yoxdur” deyə ona etiraz etsin. Lakin insanın valideyn və ya ustadı ona bir iş buyurarkən, onların sözündən çıxması çox pis iş sayılır. Bəzən buyruq sahibi alim olur, bəzən məsum imam, bəzən də Allah. Belə olan surətdə, buyruq sahibinin məqamı nə qədər böyük olarsa, onun əmrindən boyun qaçırmağın qəbahəti də bir o qədər böyük olar.

Birdən şeytan vəsvəsə edib sizə deyər: “Naməhrəmə bir dəfə baxmaq nə olan şeydir? Haram musiqiyə qulaq asmaq bir şey deyil ki?” Lakin siz kimin əmrindən çıxdığınıza diqqət etməlisiniz. Bu yerdə Peyğəmbər (s) Əbuzərə deyir:

يا اَباذَرٍّ؛ إِنَّ نَفْسَ الْمُؤْمِنِ أَشَدُّ ارْتِكاضاً مِنَ الْخَطيئَةِ مِنَ الْعُصْفُورِ، حينَ يُقْذَفُ بِهِ فى شَرَكِهِ

Ey Əbuzər! Mömin insanın öz günahı üçün keçirdiyi iztirab narahatçılıq tələyə düşmüş quşun qorxu həyəcanından daha çoxdur.

Burada Peyğəmbər (s) çox incə bir misal çəkməklə, möminin günah qarşısında göstərdiyi əks-əməli belə açıqlayır: Sərçəni ‒ bu çox hərəkət edən varlığı ‒ tələyə salsanız, o qurtuluş üçün böyük bir əks-əməl nişan verəcək və qərarsız çırpınıb-vurnuxub azad olmağa çalışacaqdır. Bəzən onun çırpınması ölümlə nəticələnir. Bu onun tələdə olduğu üçün keçirdiyi həyəcan və iztirabın şiddətindəndir. Möminin öz günahı qarşısındakı reaksiyası da belədir. Hiss edəndə ki, şeytanın toruna ilişibdir, həyəcan və iztirab onun bütün vücudunu bürüyür, hətta bütün rahatlığını – qidalanmasını, yatmasını və dincəlməsini əlindən alır. O, həmişə şeytanın torundan xilas olmaq üçün çalışır.

Biz məsum deyilik və həmişə təhlükə və unutqanlıqla qarşı-qarşıya dayanmışıq. Heç zaman günah etməyəcəyimizə də zəmanət yoxdur. Mümkündür, hərdən şeytanın toruna düşək.

Əlbəttə, “məsum deyilik” deyəndə bu o demək deyil ki, günah edək. Çünki elə insanlar var ki, məsum olmasalar belə, günah etmirlər. Onların məsumla fərqləri ondadır ki, məsumu günahdan saxlayan Allahdan onlara xüsusi əta edilmiş inayətdir. Buna “ismət səciyyəsi” deyilir. Adi insanlarda bu xüsusiyyətin olmamasına baxmayaraq, özlərini günahdan qoruya bilirlər.)

Hər halda, bir günaha mübtəla olanda, imanımızın tələbinə görə daim nigaran olub tövbə etməklə, Allah dərgahına pənah aparıb Ona tapınmaqla, bu fəlakətdən xilas olmağa çalışmalıyıq! (“Rəhe-tuşe” – Axirət azuqəsi, 1-ci cild, Ayətullah Misbah Yəzdi, səh. 101-104.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru