Günahkar təkcə dəm qazıdır?

Günahkar təkcə dəm qazıdır?

-- Paytaxtın bir çox rayonlarında artıq qaz cihazlarının yoxlanılması tədbirləri unudulub

«Novoye Vremya» qəzetində «Qaz öldürməkdə davam edir» sərlövhəli yazı yer alıb.
 
Yazıda bildirilir ki, Azərbaycanda dəm qazından ölüm halları davam edir. Müəllif vurğulayıb ki, martın 4-də Sumqayıtın 5-ci məhəlləsinin 1811 saylı binasının zirzəmisindən yaşayış evi kimi istifadə edən 6-nəfərlik ailənin dəm qazından öldüyü bildirilir. Həmin 6 nəfərdən 3-ü uşaqdır.
 
Yazıda xatırladılır ki, ötən həftə dəm qazından «Femida 007» saytının redaktoru və hüquqşünas Əyyub Kərimovun da öldüyü açıqlanıb.
 
Müəllif obrazlı ifadələrlə yazıb ki, məişət qazından zəhərlənmələr artdıqca, dövlət qurumları «nə edək?» mənasında çiyinlərini çəkirlər: «Təbii ki, burada dövlət qurumlarının da, sayıqlığı itirən vətəndaşların da təqsiri var. Məsələn, martın 4-də Sumqayıtdakı faciənin qurbanları olan ailənin zirzəmidə yaşamalarına görə kim məsuliyyət daşıyır? Məlum olur ki, bu şəxslər Füzuli rayonundan köçkün düşənlərdir. Bəs «Qaçqınkom» hara baxırdı? Əgər mənzillərdə texniki təhlükəsizliyə əməl edilmirsə, zirzəmilər haqda nə danışmaq olar?».
 
Müəllif yazıb ki, hakimiyyətin müəyyən səbəblər üzündən qaçqın və məcburi köçkünlərin hamısını evlə təmin edə bilmədiyi aydındır, amma belə zirzəmilərdə yaşamaq növbəti faciələrə açılan birbaşa yoldur.
 
Yazıda vurğulanır ki, dəm qazından boğulmaların ilbəil artması şübhəsizdir. Müəllifin fikrincə, bu fövqəladə hallar bəzi məmurların öz vəzifələrinə məsuliyyətsiz, səhlənkar yanaşmasından irəli gəlir: «Paytaxtın bir çox rayonlarında artıq qaz cihazlarının yoxlanılması tədbirlərini unudublar. Digər tərəfdən, vətəndaşlar özləri də təhlükəsizlik qaydalarına əməl etmirlər, ildə bir dəfə təmizlənməsi məcburi olan bacaları təmizləmirlər».
 
Müəllif qazın keyfiyyəti məsələsini də gündəmə daşıyıb: «Başqa tərəfdən, mavi yanacağın aşağı keyfiyyətli olması da zəhərlənmələrin mənbələrindən biridir».
 
Yazıda bildirilir ki, bu günlərdə nəhayət, Energetika Nazirliyi nəzdində məişət qazının keyfiyyətinin yoxlanılması laboratoriyası yaradılıb. Müəllif ümid etmək istəyir ki, bu qurum keyfiyyətsiz qazdan zəhərlənmələri aradan qaldıra biləcək.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru