Gürcüstandakı etirazçılar xəbərdarlıq edir

Gürcüstandakı etirazçılar xəbərdarlıq edir

-- fəallar tələbləri yerinə yetirilməzsə, mayın 19-da yenidən nümayiş edəcəklərini deyir

Gürcüstanda ötən həftəsonu etiraza çıxmış fəallar tələbləri yerinə yetirilməzsə, mayın 19-da yenidən nümayiş edəcəklərini deyirlər.
 
Yürüşlərin təşkilatçılarından biri olan Beka Tsikarishvili mayın 14-də deyib ki, Daxili İşlər Nazirliyi narkotiklərə qarşı mübarizədə yanaşmasını dəyişməsə, etirazlar davam edəcək. Tənqidçilər nazirliyin tədbirlərini sərt hesab edirlər.
 
Tbilisinin meri Kakha Kaladze-nin jurnalistlərə deməsinə görə, bir neçə günə nazirlik rəsmiləri və etirazların liderləri bir araya gələcək, narkotiklərlə mübarizə siyasətində mümkün dəyişiklikləri müzakirə edəcəklər.
 
“Mayın 12-də demişdim ki, narkotik siyasəti dəyişməlidir. Bu, ölkəmiz və xalqımız üçün ciddi problemdir”, – Kaladze deyib.
 
“Ümumilikdə, dövlət adamları narkotikə görə cəzalandırmamalıdır, onları qorumalıdır. Narkotik alverçiləri ilə mübarizə aparmalıyıq və əminəm ki, çox adam bu mübarizəyə qoşulacaq”, – o, sözlərinə əlavə edib.
 
Mayın 14-də prezident Giorgi Margvelashvili polisə “yürüşçülər arasında qarşıdurmanı önlədiyinə” görə təşəkkür edib. Prezident durumu bütövlükdə “siyasi və inzibati tədbirlərin iflası və bir neçə səhvin nəticəsi” adlandırıb.
 
“Məqsədimiz ifadə, söz azadlığını saxlamaq, eyni zamanda küçələrdə, siyasi və ictimai proseslərdə nizamı qorumaqdır”, – Margvelashvili deyib. Qeyd edək ki, prezident adətən Kvirikashvili və hökuməti ilə ziddiyyət yaşayır.
 
Gürcüstanın baş naziri Giorgi Kvirikashvili milli televiziya ilə çıxışında etirazçıları sakitliyə, zorakılıqdan çəkinməyə çağırır. Polisin narkotiklərə qarşı reydindən sonra parlament binası qarşısında başlamış nümayişlər hələ də davam etməkdədir.
 
“Ölkədə hər hansı qarşıdurma, cəmiyyətdə parçalanma Gürcüstan hakimiyyəti və xalqı üçün qəbuledilməzdir”, – Kvirikashvili deyib.
 
“Hüquq-mühafizə orqanları qanunun, yürüş etmək azadlığının təminatı üçün əllərindən gələni edirlər. Hakimiyyət narkotik alverçilərinə qarşı sərt, narkotik aludəçilərinə qarşı humanist mövqe tutacaq”, – o vurğulayıb.
 
Mayın 12-də səhər yüzlərlə adam küçələrə çıxaraq polisin paytaxtın iki populyar gecə klubunda keçirdiyi reydə etirazını bildirib. Tənqidçilər reydi kluba gedənlərə qarşı gücdən aşırı istifadə kimi dəyərləndirib. (azadliq.org)
 
 

Google+ WhatsApp ok.ru