Gələn il nələr bahlaşacaq?

Gələn il nələr bahlaşacaq?

-- Hökumət və ekspertlərin gözlədiyi inflyasiya

Gələn il ərzağın qiyməti nə qədər bahalaşacaq? İnflyasiya hansı həddə olacaq?
 
Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, gələn il hökumətlə yaxından işləyəcəklər ki, inflyasiya 6 faizə qədər azalsın.
 
Bu il inflyasiya 14 faizə yaxın olub.
 
İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, ölkədə inflyasiyanı yaradan bu amillərdən daha çox iqtisadi amillərdir, buna da Mərkəzi Bank nəzarət edə bilmir.
 
İqtisadçı deyir ki, qiymətləri artıran əsas səbəblər idxal mallarının bahalaşması və mövsümi amillərdir:
 
"Ona görə də düşünürəm ki, növbəti il üçün hədəflənmiş inflyasiya birrəqəmli ola bilər, amma bu, ikirəqəmliyə yaxın bir həddə ola bilər. Amma inflyasiyanı iki dəfəyə qədər azaltmaq o qədər də asan olmayacaq. Bu o zaman mümkün olar ki, manatın məzənnəsi sabit qalacaq və ya möhkəmlənəcək və eyni zamanda dövlət tərəfindən tənzimlənən qiymətlərdə bahalaşma olmayacaq".
 
Rəsmi statistikaya görə, ərzaq bu ilin əvvəlindən 18 faiz bahalaşıb. Bəs, gələn ilə proqnoz nədir?
 
Büdcə müzakirələri vaxtı bitərəf deputat Vahid Əhmədov deyib ki, qiymət məsələsində dövlətin xüsusi strateji yol xəritəsi olmalıdır. Onun sözlərinə görə, qiymətlərin belə artması şəraitində əmək haqları nə qədər artsa da, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq.
 
Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənov deyir ki, büdcə xərclərinin gələn il 17 faiz artması gözlənsə (hətta tikintiyə xərclər kəskin artırılsa da) də, bu, inflyasiya yaradan amil olmayacaq, amma əhalinin real gəlirlərində artım cəmi 0,5 faiz olacaq ki, bu da inflyasiya həddini azalda bilər:
 
“Bütün bunlar əlbəttə ki, əhalinin istehlak səviyyəsinə mənfi təsir göstərəcək, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək. Alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərin artım dinamikasının tənzimlənməsinə müəyyən qədər müsbət təsir edəcək. Çünki alıcılıq yoxdursa, istehsalçılar, idxalçılar qiymətləri mövcud konyunktura uyğunlaşdırmağa məcburdurlar”.
 
Bununla belə, Rəşad Həsənov düşünür ki, gələn il ən çox qiymət artımı zəruri tələbat mallarında - ərzaqda baş verəcək, ərzaq bu ilkindən 10-11 faiz bahalaşacaq.
 
İqtisadçının sözlərinə görə, devalvasiyanın təsiri nəticəsində, 2017-ci il inflyasiyanın pik həddi oldu, bundan sonra inflyasiya mərhələli şəkildə azala bilər.
 
Dünya Bankı isə gələn Azərbaycanda inflyasiyanı hətta Elman Rüstəmovun proqnozundan az gözləyir. Bankın bu ilin oktyabrında yaydığı hesabatda Azərbaycanda 2018-ci ilə inflyasiya proqnozu 5 faiz göstərilir. Amma o da var ki, bu bank Azərbaycana 2017-ci ilə dair də 11 faiz inflyasiya proqnozu vermişdi, amma reallıqda rəsmi inflyasiya 14 faizə qədər oldu. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru